“Bu cür bəyanatların səsləndirilməsi münaqişənin həllinə əngəl yaratmaq cəhdidir”.
Bu fikirləri Editor.az-a politoloq Ramiz Alıyev Ermənistan parlamentinin spikeri Alen Simonyanın kommunikasiyaların açılması ilə bağlı verdiyi müsahibəsində səsləndirdiyi “Əgər Azərbaycan Rusiya tərəfinin keçidə nəzarət etməsini istəyirsə, Ermənistan da üçüncü ölkənin nümayəndəliyinin nəzarət etməsini istəyə bilər, çünki sərhədlərin açılması, kommunikasiyaların açılması qarşılıqlı prosesdir”-, fiikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi rəsmi İrəvanın sözügedən təklifini qəbul etməyəcək:
“Çünki 2020-ci il 10 noyabr bəyannaməsində nə Fransa, nə Amerika nə də digər ölkələr iştirak edib. Burada iştirak edən tərəflərdən biri Rusiya idi. Problemli ərazilərdə Rusiya və Türkiyənin birgə monitorinq mərkəzi yaradılıb. Bu mərkəzdə öz fəaliyyətini yerinə yetirir. Ermənistanın nəzərdə tutduğu ölkə çox güman ki, Fransadır. Lakin Azərbaycan bunu qəbul etməyəcək. Rəsmi Bakı Rusiyanın iştirakını ona görə istəyir ki, həmin yolun təhlükəsizliyi zəmanətini versin. Çünki Ermənistan hərbiçilərinə heç baş nazir Nikol Paşinyan zamin dura bilmir. Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasındakı görüşlərdə erməni hərbiçilərinin atəşkəsi pozması, təxribatlara əl atması da buna nümunədir. Görünən budur ki, erməni hərbiçiləri Paşinyanın əmrlərini ciddi qəbul etmir. Belə bir sual meydana çıxır ki, kommunikasiyalar açılacağı təqdirdə necə qarant verə bilərlər ki, həmin yolun təhlükəsizliyini təmin edən erməni hərbiçiləri təxribat törətmiyəcək? Simonyanın ifadə etdiyi fikirlər ancaq Ermənistan ictimaiyyətinə hesablanıb. Çox yaxşı bilirlər ki, Azərbaycanın əsəblərini gərginləşdirmək olmaz. Kapituliyasiya aktına imza atan tərəf Ermənistan, diqtə edən tərəf isə Azərbaycandır”.
//Safura Bənnayeva, Editor.az

