“Ermənistanın Baş Naziri həqiqətən konstitusiyanı dəyişmək və oradakı Azərbaycana qarşı ərazi iddialarını geri götürmək fikrində deyil və Azərbaycanın haqlı olaraq tələb etdiyi dəyişikliyi etmək əvəzinə bəhanələr axtarır. Hətta son olaraq Ermənistan Konstitusiya Məhkəməsinin bu barədə çıxardığı qərarı da tez-tez yada salır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.
O bildirib ki, Paşinyanın iddiasına görə, Azərbaycana ərazi iddiası Konstitusiyanın məhz preambulasında olduğuna görə o ciddi hüquqi mənaya malik deyil:
“Onun düşüncəsinə görə, Azərbaycana qarşı ərazi iddiası konstitusiyanın maddələrində olsaydı bunu həqiqətən ərazi iddiası hesab etmək olardı. Preambula guya ciddi əhəmiyyət kəsb etmir. Bəs elə olanda Türkiyəyə qarşı ərazi iddiası və əsassəz “genosid” sayıqlamaları məhz Ermənistan konstitusiyasının maddələrində təsbit olunub. Belə çıxır ki, Ermənistan Azərbaycana deyil, Türkiyəyə qarşı ərazi iddialarındadır. Türkiyəyə qarşı ərazi iddialarının elə Azərbaycana qarşı ərazi iddiası olduğunu bu adam başa düşmür. Digər tərəfdən ərazi iddialarının konstitusiyanın preambulasında olduğunu təsdiq etmək həqiqətən Azərbaycanın bu məsələdə haqlı olduğunu təsdiq etmək anlamına gəlir.
Əlbəttə ki, əsas məsələ Paşinyanın Ermənistan Konstitusiyasında Azərbaycanın tələb etdiyi dəyişikliyi etmək istəməməsinin səbəbinin ortaya çıxarılmasıdır. Heç şübhəsiz, onların əsas məqsədi gələcəkdə Azərbaycana hücum edib ərazi işğal etməkdir. Onlar ümid edirlər ki, müəyyən müddətdən sonra bizimlə müharibə aparacaq qədər güclənəcək və konstitusiyalarına saldıqları torpaqları Azərbaycandan alacaqlar”.
Digər səbəb xaricdəki dəstəkçilərinin Ermənistanı bu addımı atmağa qoymamasıdır. Ona təlqin edirlər ki, Azərbaycanın bu tələbini yerinə yetirmək Paşinyanın nüfuzunu daha da aşağı sala bilər.
Paşinyanın digər qorxusu erməni müxalifətindəndir. Konstitusiyada dəyişikliyə cəhd etmək Paşinyan hakimiyyətinin sonunu gətirə bilər. Baş Nazir isə hakimiyyəti əldən verməyə hələ hazır deyil”.
//Gülnarə Abasova, Editor.az