“Nikol Paşinyan yenə də ikibaşlı oyun oynayır. Diqqət edin. Həm Azərbaycanın haqlı tələbindən, yəni ölkə konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarından danışır, həm də bunun məsuliyyətini Konstitusiya Məhkəməsinin üzərinə atır. Məhkəmənin 9 hakiminin bu barədə qərar verməsindən bu məsələnin daha çox asılı olduğunu dolayısı ilə vurğulayır. Hamıya da bəllidir ki, bu 9 hakim ölkə üçün çox mühüm olan bu qərarı müstəqil şəkildə verə bilməzlər. Bilirsiniz, Nikol niyə belə edir? O yaxşı bilir ki, Azərbaycana qarşı ərazi iddiaları Konstitusiyadan çıxarılsa, daxildə ona qarşı olan qüvvələrin əlinə şans düşəcək, onlar bundan geninə-boluna erməni baş nazirə qarşı istifadə edə bilərlər”.
Bu fikirləri Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Siyasi analitik bildirib ki, Nikol Paşinyan son dönəmlərdə reytinqinin getdikcə aşağı düşdüyünün fərqindədir:
“Hesab edirəm ki, hələ Paşinyanın bu məsələnin həlli üçün yetərli siyasi iradəsi yoxdur. Bir faktı da xüsusi diqqətə çatdırım ki, 1992-ci ildə Ermənistanda Ali Sovet (o zaman parlament belə adlanırdı) Qarabağın Azərbaycana məxsus olması barədə hər hansı bir sənədə imza atmağı erməni hakimiyyətinə qadağan edib. Yəni Paşinyan bu kartdan da istifadə edib, Konstitusiya Məhkəməsinin üzərinə məsələni atır. Məhkəmə iki qərardan hansını versə, erməni baş nazirin deməyə sözü olacaq. Yəni xalqına hesabat verə bilər ki, qərarı məhkəmə verib, mən imza atmamışam. Əks qərar da çıxsa, beynəlxalq aləmə göstərə bilər ki, guya bunların məhkəməsi müstəqildir, belə qərar verib. Bir sözlə erməni hiyləgərliyi bir daha özünü bariz şəkildə göstərməkdədir. Bununla sülh sazişinin bağlanmamasının ömrünü də uzadırlar. Çünki, bəllidir ki, Ermənistan Konstitusiyasından həmin müddəalar çıxarılmasa, rəsmi Bakı sülh sənədinə heç zaman qol çəkməyəcək. Əslində Paşinyan bu gedişi edir, manevr göstərir. Amma düşünürəm ki, son çabalardır. Sülh sənədi imzalanmaq üzrədir”.
Siyasi analitik Paşinyanın Minsk qrupu ilə bağlı mövqeyinə də yer ayırdı:
“Burada da Ermənistan hökumətinin rəhbəri hiyləgər davranır. Əslində o da yaxşı bilir ki, Minsk qrupuna “can versələr” belə, o qurumu heç bir tərəf ciddi qəbul etməyəcək. 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan o qurumu birdəfəlik zibil yeşiyinə atıb. Bununla Nikol özünü humanist göstərməyə çalışır. Digər tərəfdən yaxşı bilir ki, Minsk qrupu olmadan belə qurumun əsas həmsədr ölkələri əvvəlki davranışlarını ölkəsinə qarşı davam etdirəcəklər, yəni dolayısı dəstəyi nəzərdə tuturam. Onun üçün də hesab edirəm ki, heç Minsk qrupu məsələsinin üzərinə getmək də lazım deyil. Varlığı-yoxluğu bilinməyən bir qurum haqqında danışıb nə yorulmaq, nə də digər daha vacib məsələlərin müzakirəsini bir qədər səngitmək lazım deyil. Bu qurumda yer alan ölkələr belə bəzən orada olduqlarını unudurlar…”.
//Gülnarə Abasova, Editor.az