Millət vəkili: “20 Yanvar faciəsi zamanı qəhrəman oğul və qızlarımız sübut etdi ki, xalqın mənafeyi insan həyatından üstündür”backend

Millət vəkili: “20 Yanvar faciəsi zamanı qəhrəman oğul və qızlarımız sübut etdi ki, xalqın mənafeyi insan həyatından üstündür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“32 il əvvəl -1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə elan edilmədən Sovet qoşunlarının Bakı, Sumqayıt başda olmaqla bir çox şəhərlərinə yeridilməsi, əliyalın əhaliyə qarşı bu qəddarlıq əslində Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini boğmağa yönəlmişdi. Xüsusi amansızlıqla törədilən kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu təsdiqləyirdi. 26 min nəfərlik ordu uyğun ssenari üzrə beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı qırğın törətdi. Amma bu, Azərbaycan xalqının əzmkarlığını, mübarizlik ruhunu qıra bilmədi. Əksinə, xalqımızı daha da birləşdirdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 2 milyona yaxın insanın iştirakı ilə şəhidlərin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Bu hadisə Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində mühüm hadisə oldu”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləməsi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etməsi o vaxtkı dövrün reallıqları fonunda olduqca mürəkkəb və vacib idi:

“Bu çıxış zamanı ulu öndər həm hadisənin törədilmə səbəblərini açıqladı, həm də onun təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Bu, əslində böyük cəsarət və siyasi iradə tələb edən addım idi.Faciədən sonra xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılması, Bakda fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxslərinin həmin sessiyada iştirak etməməsi hadisələrin hansı məcrada davam edəcəyini proqnoz etməyə imkan verirdi. Müstəqilliyinin bərpa edilməsinin 31-ci ilini yaşayan Azərbaycan Respublikası bu gün dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvüdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra 20 yanvar 1990-cı il artıq ümümxalq hüzn kimi hər il qeyd olunmağa başladı. Təsadüfi deyil ki, ulu öndər hər zaman çıxışlarında deyirdi ki, xalqımız bundan tarixi nəticə çıxarmalıdır. “Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır”.

K.Nurullayeva qeyd edib ki, Azərbaycan xalqı 20 yanvar faciəsinin 30-cu ilində bir daha torpaqlarımızın bütövlüyü uğrunda birləşdi və torpaq bütünlüyümüzü bərpa etdik. Beləliklə, tarixi ədalət bərpa olundu. 30 ildən sonra biz Şəhidlər xiyabanına fəxr hissi və Qələbə müjdəsi ilə getdik. Hər zaman istiqlal arzusu ilə yaşayan hər bir azərbaycanlı üçün dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsi başlıca vəzifədir. Bu təməl prinsiplərin hər zaman uca tutulması uğrunda mübarizəmiz isə daimidir.

//Gülnarə Abasova, Editor.az