Könül Nurullayeva: “Vaxt uzatmaqla Ermənistanın qüvvələr nisbətini öz xeyrinə dəyişməsi mümkün deyil”backend

Könül Nurullayeva: “Vaxt uzatmaqla Ermənistanın qüvvələr nisbətini öz xeyrinə dəyişməsi mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgənin söz sahibinin Azərbaycan olması artıq müzakirə mövzusu deyil və bu reallığı Ermənistanda da dərk edirlər. Bir neçə gün əvvəl uğurla reallaşan “Qisas” əməliyyatı isə növbəti xəbərdarlıq idi. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə son dövr baş verən prosesləri dəyərləndirdi və son 2 ildə vəziyyətin daha da səmərəli şəkildə dəyişməsinin səbəblərini açıqladı. Bu günün reallığı ondan ibarətdir ki, bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımız təsbit edilir. Ali baş komandan İlham Əliyevin də bəyan etdiyi kimi, artıq Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Avqustun əvvəlində uğurla reallaşan “Qisas” əməliyyatı da bunu bir daha təsdiqlədi. Bu əməliyyat təbii ki, ilk növbədə erməni təxribatının layiqli cavabı və şəhidimizin qisası idi, digər tərəfdən, Azərbaycan bir neçə saatlıq əməliyyat zamanı nə istəyibsə, onu da edib, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur. Yəni, Ermənistan bu cəza tədbirindən nəticə çıxarmağa məcburdur.

Qanunsuz silahlı birləşmələr Qarabağı birdəfəlik tərk etməlidir. Prezident İlham Əliyevin bəyanatından da aydın oldu ki, bu məsələdə heç kim Azərbaycanı prinsipial mövqeyindən yayındıra bilməz. Üstəlik, bu tələbin tam şəkildə hüquqi əsası var. Belə ki, erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etməsi Ermənistanın öhdəliyidir. Bu, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib. Rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəliklərinə sadiq olduğu kimi, Ermənistan da eyni mövqeni sərgiləməlidir.

Prezident İlham Əliyevin əsas xəbərdarlıqlarından biri də bu idi ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər.

Qarabağ ermənilərinin hazırki vəziyyəti də yaranmış reallıqların nəticəsidir. Belə ki,dövlət başçısı da bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Vaxt uzandıqca təbii ki, eyni tendensiya da davam edəcək. Yəni, vaxt uzatmaqla Ermənistanın qüvvələr nisbətini öz xeyrinə dəyişməsi mümkün deyil. Üstəlik, dövlət başçımız status və muxtariyyətlə bağlı da qətiyyətli mövqeyini bir daha təkrarladı – bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.Bu mənada Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

//Könül Nurullayeva, Milli Məclisin deputatı