Koronavirus və sonsuzluq: Ən çox kişilər diqqətli olmalıdırbackend

Koronavirus və sonsuzluq: Ən çox kişilər diqqətli olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virus mümkündür ki, qadınlara nisbətən kişilərə daha çox təsir etsin, çünki kişilərdə harmonlar daha həssasdır. Həm də koronavirusun sonsuzluğa səbəb olması xəstəliyin dərəcəsindən də asılıdır

“Təsəvvür edin ki, elə xəstələrimiz var, koronavirusdan sağalıb, amma iybilmə, dadbilmə qabiliyyəti hələ də bərpa olunmayıb”

“COVİD-19”un sonsuzluğa səbəb olması əsas müzakirə predmetinə çevrilib. Bu barədə mütəxəssislər son zamanlar daha çox danışmağa başlayıb. Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov da mövzu ətrafında rəy bildirib. Mütəxəssis qeyd edib ki, koronavirusun mənfi təsirlərindən biri də sonsuzluğa səbəb olmasıdır:

“Bu da öz təsdiqini tapıb. Koronavirus infeksiyası həmçinin, ağciyərlər, ürəklə yanaşı, böyrəyə də ciddi ziyan vurur. Alimlərin apardığı araşdırmaların nəticəsinə əsasən koronavirusdan ölən şəxslərin təxminən 32 faizində kəskin böyrək çatışmazlığı aşkar olunub. 3-10 faiz xəstələrdə isə ani böyrək çatışmazlığı qeydə alınır”. A.İbrahimov həmçinin uroloji xəstəlikdən əziyyət çəkən şəxslərin peyvənd olunub-olunmaması məsələsinə də aydınlıq gətirib: “Uroloji xəstəliklərin kəskin dövründə vaksin vurulması məsləhət deyil. Çünki peyvəndin vurulduğu dövrdə böyrək xəstəliyi ilə bağlı yazdığımız dərmanların təsiri barədə geridönüş cavab ala bilmərik. Odur ki, müalicə müddəti bitdikdən sonra peyvənd vurula bilər. Bundan başqa, qan xəstəliyi olan xəstələrə də peyvənd vurulmasını tövsiyə etmirik. Yerdə qalan uroloji xəstələrin peyvənd vurdurması əksinə, daha xeyirlidir. Böyrək köçürülən xəstə əməliyyatdan 6 ay sonra peyvənd vurdura bilər”.

“COVİD-19”-un sonsuzluğa təsiri ilə bağlı həkim-infeksionist Mərdan Əliyevin də fikirlərini öyrəndik:

– Hesab edirəm ki, bu, ciddi elmi araşdırma mövzusudur. Koronavirusun sonsuzluğa səbəb olması, nəzəri cəhətdən mümkündür. O halda ki, virus kişilərdə prostat vəzini zədələmiş olsun, qadınlarda isə ovulyasiya prosesinin pozulmasına səbəb olsun. Yəni yumurtalıqlara təsir etmiş olsun. Amma mümkündür ki, qadınlara nisbətən kişilərə daha çox təsir etsin, çünki kişilərdə harmonlar daha həssasdır. Həm də koronavirusun sonsuzluğa səbəb olması xəstəliyin dərəcəsindən də asılıdır. İnsan ağır, yoxsa orta səviyyədə xəstəlik keçirib, viruslar orqanları zədələyibmi və hansı dərəcədə zədələyib. “COVİD”dən tam sağalan şəxslərdə isə bir müddət sonra bərpaolunma prosesi gedir. Zədələnmiş hüceyrələr də nəticə etibarilə bir müddət sonra bərpa olunur.

M.Əliyev koronavirusun daha çox böyrəklərə təsir etməsinin səbəbinə də aydınlıq gətirdi:

– Böyrəklər orqanizmdə ən həssas orqandır. Bütün xəstəliklərə reaksiya verirlər. Koronavirus bağırsaqları da zədələyir. COVİD-ə yoluxmuş xəstələrdə biz tez-tez ishal hallarını müşahidə edirik. Bu da virusun ağ ciyərlə yanaşı bağırsaq hüceyrələrində də yaşamasıyla bağlıdır. Bəzi xəstələrdə əzələ ağrıları, iybilmə, dadbilmə qabiliyyətinin itməsi müşahidə edilir. Təsəvvür edin ki, elə xəstələrimiz var, koronavirusdan sağalıb, amma iybilmə, dadbilmə qabiliyyəti hələ də bərpa olunmayıb.

Həkim peyvəndlərlə bağlı da bəzi şayiələrin dolaşdığını dedi:

– “COVİD-19”a qarşı peyvəndlərlə bağlı da guya onların sonsuzluğa səbəb olduğu xəbərini yayanlar var. Bu, həqiqət deyil. Vaksin canlı virus deyil, ölü virusdur. O sadəcə bədənə yeridilir ki, orqanizm onu “tanısın” və bədəndə virusa qarşı immunitet formalaşsın. Cansız, ölü hüceyrə artıb çoxalmırsa, necə təhlükəli ola bilər?!

//sherg.az