“Dekabrın 3-də vəfat edən psixiatr Əliağa Həsənov səhiyyə sahəsində böyük əməyi olan həkimlərdəndir”.
Bu barədə Oxu.Az-a onun həmkarları bildirib.
Onların sözlərinə görə, Ə.Həsənov sıravi vətənpərvər idi. Öz başlanğıcını 27 sentyabr 2020-ci il tarixindən götürən hərbi əməliyyatlar dövründə yorulmadan situasiyanı izləyir və baş verənlərə ürəkdən yanırdı:
“O, Gəncədə, Bərdədə və birbaşa döyüş bölgəsində zərərçəkənlərlə çalışan psixoloq və psixiatrlarla qrup işi aparırdı.Yaralılar və şəhid ailələri ilə işləmək üçün psixoloqlar cəlb edən təşkilatları konsultasiya edirdi. Həmin təşkilatları birbaşa Birinci Qarabağ Müharibəsinin veteranları ilə iş təcrübəsi olan mütəxəssislərə yönləndirirdi”.
Qeyd edək ki, Əliağa Həsənov 90-cı illərdə müharibə veteranlarının reabilitasiyasında iştirak etmişdi.
Qələbə ərəfəsində Ə.Həsənov vətənə son borcunu ödəmək qərarına gəldi və yaralı əsgərlərə qan verib. Həkimlərin sözlərinə görə ,bu hal onun immunitetini həddən artıq aşağı salıb və nəticədə, o, COVID-19-a qarşı mübarizə apara bilməyib.
“O, biliyini daima zənginləşdirib, ona yardım üçün müraciət edən hər bir şəxsə tətbiq edəndə də, yetirmələrinə bu biliyi ötürəndə də, mağazada yorğun satıcıya xoş sözlər söyləyəndə də, öz qanını əsgərlərə verəndə də Vətənini sevirdi!”

