Korrupsiyada və xarici agent kimi işləməkdə təqsirli bilinən ABŞ-ın Nyu Cersi ştatından olan demokrat senator Robert Menendez istefa ərizəsini təqdim edib.
O, avqustun 20-də Senatı tərk edəcək. O dəfələrlə partiya senatorlarının çağırışlarına baxmayaraq, istefa verməkdən imtina edirdi: “Mən münsiflər heyətinin hökmündən Ali Məhkəməyə şikayət vermək niyyətində olsam da, Senatın onu mühüm işindən yayındıracaq uzun prosesə cəlb olunmasını istəmirəm”, – Robert Menendez bildirib.
Xatırladaq ki, Robert Menendez 2006-cı ildə Senata təyin edilib və bir neçə il Xarici Əlaqələr Komitəsinə rəhbərlik edib. İyulun 17-də münsiflər heyəti 70 yaşlı Robert Menendesi rüşvətxorluq, qəsb, dələduzluq, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək kimi 16 maddə üzrə təqsirli bilib. İttiham tərəfi iddia edir ki, Menendez cütlüyü Misir və Qətər hökumətlərinin maraqlarını lobbiçilik etmək müqabilində nağd pul, qızıl külçələr, avtomobil və “digər qiymətli əşyalar” alıblar. Məhkəmə senatorun işi üzrə yekun hökmü oktyabrın 29-da elan edəcək. Menendez öz qatı antiazərbaycan mövqeyi ilə də tanınır.
//Samir Qurbanov, Editor.az

