Kreml Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş keçirə bilər: “Təxribatlarla “dayandırmaqla…”backend

Kreml Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş keçirə bilər: “Təxribatlarla “dayandırmaqla…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya avqustun sonuna kimi Azərbaycan və Ermənistan nümayəndələri arasında yüksək səviyyədə üçtərəfli görüş keçirmək istəyir. Bunu dünən Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışsa da Cənubi Qafqazı əldən vermək istəmir:

“Son vaxtlar Avropa İttifaqının tərəflər arasında artan vasitəçilik səyləri, habelə müxtəlif konstruktiv addımlar, o cümlədən ermənilərin Laçından çıxması, yəqin ki, Rusiyanı narahat etməmiş deyil. Kreml Cənubi Qafqazda “suların durulmasına” qarşı olmaqla yanaşı, həm də Qərbin Cənubi Qafqaza gəlməsini istəmir. Buna görə, bəlkə də, Kreml Bakı ilə İrəvan arasında hansısa məsələlərdə konsensus əldə edilməsinə razı olar. Bir şərtlə ki, bu, onun öz vasitəçiliyi ilə baş tutsun və Moskvanın regiondakı təsir gücü daha da azalmasın. Avqustun sonunadək Qarabağda və sərhəddə təxribatların təkrarlanması mümkündür. Hətta, ola bilsin, Kreml tərəfləri məhz gərginliyə son qoymaq məqsədi ilə, daha doğrusu, bu adla görüşdürsün. Əvvəllər də dediyimiz kimi, provokasiyaların Moskvadan idarə olunması istisna deyil. Mümkündür ki, Rusiya sözügedən danışıqlardan sonra təxribatları “dayandıracaq” və beləliklə, regionda sabitliyə “nail olduğunu” göstərəcək. İndi şimal qonşumuzun belə “dividentə” çox ehtiyacı var”.

Müsahibimiz qeyd edib ki, sözügedən görüş çərçivəsində ikitərəfli müzakirələrin baş tutması və Rusiyanın Ermənistana “qulaq burması verməsi” gözləniləndir:

“Çünki son vaxtlar İrəvan Moskvanın maraqlarına zidd addımlar atır. Ermənistan Baş naziri Nikol Paşinyanın “sülhməramlılar fəaliyyəti ilə bağlı suallar yaranıb” fikri isə Kremli qıcıqlandırmaya bilməz. Görüşlə bağlı Azərbaycana təklif gələcəyi təqdirdə mütləq qəbul etmək lazımdır. Ümumiyyətlə, rəsmi Bakı heç bir müzakirə platformasından imtina etməməlidir. Əks halda bu, rəsmi İrəvan üçün bəhanə olar, qarşı tərəf bizim məsələnin diplomatik həll yolundan yayındığımızı nümayiş etdiməyə çalışa bilər.
Dediyimiz kimi, dəvətdən imtina etmək olmaz. Bununla belə rəsmi Bakı daim manevr imkanlarını qorumalıdır. Eyni ilə Qərb kimi Rusiyanın bəzi maraqları bizim xarici siyasətimizə uyğun ola bilər. Əlbəttə, istifadə etməliyik. Amma hansısa tərəflərin vasitəçilik adı ilə bizə təsir etmə imkanına malik olmalarına şərait yaratmaq lazımdır. Bu mənada Türkiyə istisna olmaqla digər bütün üçüncü tərəflərin proseslərə müdaxilə imkanı minimum olmalıdır”.

//Gülnarə Abasova, Editor.az