Kreml erməniləri HƏDƏLƏDİ: Xeyirxahlığı zəiflik kimi qəbul etməyibackend

Kreml erməniləri HƏDƏLƏDİ: Xeyirxahlığı zəiflik kimi qəbul etməyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi, rusofobiya, Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşmaq xətti pik həddə çatıb. Baş nazir Nikol Paşinyan hakimiyyəti də hər vəchlə xalqını bu əhval-ruhiyyəyə kökləyərək, baş verən bütün uğursuzluqlarda Kremlin günahkar çıxarılmasına çalışır. Və buna da nail olur. Rusiya da bunu gözəl başa düşür. Nüfuzlu media orqanları vasitəsilə İrəvanı aşağılayan məqalələrin sayı artmaqdadır.

Həmin materiallarda anti-Rusiya əhval-ruhiyyəsinin artıq rəsmi İrəvanın əsas prioritetlərindən birinə çevrildiyi vurğulanır.

Onlardan bəzisinə nəzərə salaq.

Məsələn,“Reportyor” nəşri yazır ki, son bir neçə ildə baş nazir Nikol Paşinyan və onun ətrafı Avropa və ABŞ-ın anti-Rusiya dairələrinə çox yaxınlaşıb. İrəvan Qərbə daha sürətlə meyil etməkdədir.

Müəllif yazır ki, “Ermənistan hakimiyyətinin kiçik və kasıb ölkədəki fəaliyyətinin əhəmiyyətli bir hissəsi əhali üçün deyil, tamamilə fərqli dəyərlərdən ibarətdir. Mediada təxribatlar, isterika sevimli məşğuliyyətinə çevrilib. Millətçilik pik həddə çatıb. Rusiyanı Qarabağla bağlı öhdəliklərini yerinə yetirilməməsi kimi fikirlər total xarakter alıb, rusofobiya və müxalifətə təzyiq adi hala çevrilib. Bunlar Paşinyan və komandasının zəngin Qərb təcrübəsini mənimsədiyinin ən parlaq “nailiyyətləri”dir”.

Qarabağda Azərbaycanın apardığı əməliyyatları haqlı sayan nəşr yazır ki, “Ermənistan hökumətinin başçısı və onun şərikləri yenidən Rusiyanı nədəsə günahlandırmağa və Qərbdən vəziyyətə müdaxilə etməyi xahiş etməyə başlayacaqlar. Fransa və Birləşmiş Ştatlar da bu prosesdə iştirak edəcəklər, çünki Emmanuel Makron və Co Bayden öz ölkələrindəki aktual daxili problemlərin həllindən daha çox Rusiya lideri Vladimir Putinin sülhməramlı təşəbbüsünə mane olmaqda maraqlıdırlar. Ona görə də regionda qanlı təxribatlar tamamilə mümkündür. Moskvanın səylərini gözdən salmaq və bölgədə münaqişənin qızışdırılması Qərbin regionda əsas məqsədinə çevrilib”.

Başqa bir nəşr – “Arqumentı nedeli”nin dərc etdiyi “Qudbay Armeniya” başlıqlı məqalədə də Ermənistanın ikiüzlü, Qərb, xüsusən də Birləşmiş Ştatlarla yaxınlaşma siyasəti yürütməsi qabardılıb. Müəllif yazır ki, “Rusiya son illərə kimi sakinlərinin soyadı “yan” ilə bitən kiçik bir ölkə ilə dost idi. Bu ölkə Adler və Soçi deyil, baxmayaraq ki, orada “ovlar” dan daha çox “yanlar” var. Bu ölkə Ermənistan adlanır. Rusiya ilə yaxın dost idi, hərbi baza yaratdıq, sülhməramlılar yerləşdirdik və s. Lakin kiçik postsovet hökmdarlarının anadangəlmə travması var: xeyirxahlığı zəiflik kimi qəbul edirlər. Erməni radiosu ilə bağlı zarafatları sevən baş nazir Paşinyan ona çörək verənin əlini dişləyib. Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit edilmiş öhdəlikləri konstitusiyaya uyğun olaraq tanıyıb. Bu nədir, nə haqqındadır və nə ilə yeyilir, özünüz üçün təxmin edin. Amma çətin ki, Rusiya liderinin İrəvana dövlət səfəri yaxın vaxtlarda baş tutsun”.

Milli.az