“Rusiya doğrudan da çarəsiz vəziyyətə düşüb. Praqa Bəyannaməsi imzalandıqdan sonra Kreml fakt qarşısında qaldı. Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü daxilində tanıdıqdan sonra Rusiyanın əlindən ən önəmli regional təsir mexanizmi çıxmış oldu.Ona görə də, indi Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ittihamlarına qarşılıq olaraq prezident Vladimir Putin həm Kremlin çarəsizliyini etiraf edir, həm də bunun günahını rəsmi İrəvanın üzərinə qoymaqla, Ermənistan cəmiyyətində hakim siyasi elitaya qarşı narazılığı gücləndirmək məqsədi güdür”.
Bu sözləri Editor.az-a açıqlamasında son vaxtlar Rusiya Prezidenti Vladimir Putinin son çıxışlarında tez-tez “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” deyə səsləndirdiyi fikirlərini şərh edərkən politoloq Elçin Xalidbəyli deyib.

Politoloqun sözlərinə görə Rusiyanın maraqları onu tələb edirdi ki, Azərbaycan və Ermənistan arasında Qarabağ mövzusu ilə bağlı münaqişə hələ uzun müddət davam etsin:
“Kreml bundan Rusiyanın regional maraqları çərçivəsində faydalanmaq niyyətində idi. Ancaq Ermənistan üzərində güclü təsir imkanları olan ABŞ və Qərb Praqa Bəyannaməsi ilə Rusiyanı bu faktordan məhrum etməyi bacardı.
İndi 10 noyabr üçtərəfli anlaşması da artıq hüquqi qüvvəsini itirərək formal sənəd xarakteri daşıyır. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalması üçün də heç bir əsas qalmayıb. Böyük ehtimalla 2025-ci ildə Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazilərini tərk etməli olacaqlar. Bütün bunları nəzərə aldıqda, əsrlər boyu Cənubi Qafqazda hegemonluq etmiş Rusiyanın Azərbaycanı birdəfəlik tərk etməsindən Kremlin məyusluğu müəyyən mənada, anlaşılandır. Azərbaycanın Qarabağa tam nəzarət etməsi Rusiyanın geopolitik planlarını pozub, indi Kreml ilk dəfə belə çarəsiz duruma düşüb”.
//Gülnarə Abasova, Editor.az

