Donald Trampın son qərarları beynəlxalq münasibətlər sistemində yeni gərginlik dalğası yaradıb. ABŞ prezidentinin Rusiya sahillərinə nüvə silahı daşıyan sualtı qayıqlar göndərməsi, Vaşinqton-Moskva münasibətlərinin artıq diplomatik müstəvidən təhlükəsizlik balansına daşındığını göstərir. Bu addım həm də Qərbin Ukraynaya dəstəyi fonunda Rusiyanın nüvə ritorikasına cavab mesajı kimi qiymətləndirilir. Məsələ ondadır ki, əgər Ukraynanın Rusiyanın dərinliklərinə endirəcəyi zərbələr Kreml üçün ciddi təhlükə yaratsa, Moskvanın hansı cavab addımlarına əl atacağı sual altında qalır. Bu fon isə beynəlxalq sistemdə yeni soyuq müharibə ab-havasının güclənməsinə zəmin yaradır.
Politoloq Əlimusa İbrahimov Editor.az-a açıqlamasında bildirib ki, Donald Trampın Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirmək cəhdləri nəticəsiz qalır:

“Uzun müddət aparılan danışıqların uğursuz nəticələnməsi Trampın istəklərinə zidd idi. Ona görə də o, indiyə qədər Rusiyaya qarşı sərt sanksiyalardan yayınırdı. Lakin son açıqlamalar göstərir ki, Tramp artıq Moskvanı dialoqa cəlb etməyin mümkünsüz olduğunu düşünür. Rusiya razılıq vermədiyi üçün Vaşinqton alternativ addımlar atmağa başlayıb. Bu, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verilməsi ilə özünü göstərir.
Tramp hələlik Rusiyaya qarşı yeni sanksiyalara tələsmir, amma hərbi dəstəyin artırılması ilə Kremlin mövqelərinə təzyiq göstərmək istəyir. Moskva isə açıq bəyan edib ki, ölkənin mövcudluğuna real təhlükə yaranarsa, nüvə silahından istifadədən çəkinməyəcək. Elə buna görə də Tramp ABŞ-ın nüvə silahı daşıyan sualtı qayıqlarını Rusiya sərhədlərinə yaxın bölgələrdə yerləşdirib. Bu, həm Rusiyanın nüvə silahına əl atmasının qarşısını almaq, həm də Ukraynanın hücumlarının yaratdığı riskləri balanslaşdırmaq məqsədi daşıyır”.
“Hazırda diqqətlər Rusiyanın cavab addımlarına yönəlib. Əgər Moskva sərt reaksiya versə, gərginlik yeni səviyyəyə qalxacaq. Əks halda, tərəflər arasında davam edən qarşıdurma bir müddət status-kvo şəklində davam edəcək. Amma bütün hallarda bu qərar ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirir”,- deyə politoloq bildirib.
//Gülnarə Abasova, Editor.az

