Nikol Paşinyanın Moskvaya son səfəri və sensasiya kimi qarşılanan Vladimir Putinlə məlum dialoqu göstərdi ki, Kremllə Ermənistanın indiki hökuməti arasındakı münasibətlər prinsipial olaraq ziddiyyət təşkil edir və hətta, barışmaz forma alıb. Putinin auditoriya qarşısında açıq təhdid ritorikasından istifadə etməsi, Paşinyanın isə gözlənilmədən cəsarətli cavablar verməsi, bundan sonra Rusiya Baş nazirinin müavini Aleksey Overçukun təhdid dolu açıqlamaları İrəvanla Moskva arasında körpülərin tamamilə yandırılması nöqtəsinə doğru irəlilədiyindən xəbər verir.
Bütün bu mənzərənin və xüsusilə də parlament seçkisinin yaxınlaşması fonunda Ermənistandakı ruspərəst müxalif siyasi qüvvələr və media Moskva tərəfindən Paşinyan hakimiyyətinin “qələminin qırıldığı” təbliğatını aparmağa başlayıb.
Məsələn, ən tanınmış müxalif nəşrlərdən olan “Hraparak” yazır ki, Kreml hələ Nikol Paşinyanın son səfərindən bir neçə həftə əvvəl onunla münasibətləri davam etdirməyin mümkün olmadığı barədə qəti qərar qəbul edib.
“Çünki o, Moskvada bir şey vəd edir, lakin Ermənistana gedəndə tamamilə fərqli bir şey edir və Ermənistan-Rusiya münasibətlərinə qarşı hərəkət edir”, -deyə qəzet öz mənbələrinə istinadla bildirib.
Qəzet yazır ki, Kreml artıq seçkiöncəsi prioritetlərini qətiləşdirib və bu istiqamətlə məşğul olan şəxslərə son tapşırıqlar verilib: “Buna görə də Kreml əsas strukturların rəhbərlərinə Ermənistan-Rusiya münasibətlərini bərpa etmək proqramı olan bir siyasi qüvvənin Ermənistanda hakimiyyətə gəlməsi üçün bütün səyləri göstərmək tapşırığını verib”.
Yəni, söhbət ruspərəst müxalifətdən gedir.
Yazıda qeyd olunur ki, Paşinyan hökuməti həm Kremlin İrəvana qarşı “hibrid müharibə” apardığını iddia edərək, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini alovlandırmağa, həm də buna paralel olaraq, Moskva ilə təkbətək görüşlərdə münasibətləri yüksək və pozitiv səviyyədə saxlamağa çalışır.
Lakin bu “ikibaşlı oyun” Kremli qəti qane etmir. “Hraparak” qəzeti öz mənbələrinə istinadla iddia edir ki, məhz bu səbəbdən hətta Kremldə Ermənistan istiqamətinə cavabdeh olan Sergey Kiriyenko Paşinyan hakimiyyətinin üzvlərini qəbul etməkdən belə imtina edib. Qəzet yazır ki, fevral ayında Ermənistan rəsmiləri Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə görüşmək istəyiblər, lakin buna nail ola bilməyiblər.
Qəzetin məlumatına görə, Moskvaya səfəri zamanı Parlament sədri Alen Simonyan Kiriyenko ilə görüşməyə çalışıb, lakin Kiriyenko görüşü rədd edib.
Nəşrin məlumatına görə, daha sonra Paşinyan özü Ermənistanın hökumət aparatının rəhbəri Araik Harutyunyanla Kiriyenko arasında görüş təşkil etməyə çalışıb, lakin bu da baş tutmayıb.
Beləliklə, erməni müxalif mediası seçki öncəsi Paşinyan hökumətinin Moskva tərəfindən “pres ediləcəyinin” anonsunu verir. Lakin medianın bu anonsları olmadan da artıq Paşinyanın Putinlə son dialoqu, eləcə də Overçukun açıq təhdidləri Ermənistanda iyunda keçiriləcək seçkinin “ölüm-dirim savaşı” olacağının siqnallarını verib.
Yenisabah

