Moskva Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlara töhfə verməyə hazırdır.
Editor.az xəbər verir ki, bunu jurnalistlərə verdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim Tehranla yaxın münasibətlərimiz var. Putin bildirib ki, biz bu səviyyədə tərəfdaşlıqdan İranın nüvə faylının həlli üzrə danışıqları asanlaşdırmaq və ona töhfə vermək üçün istifadə etməyə hazırıq”, – Kremlin sözçüsü bildirib.
İyunun 4-də Trampla Putin arasında telefon danışığı olub. Bu söhbət zamanı Amerika lideri Rusiyanın ABŞ və İran arasında danışıqlara kömək etməsini mümkün hesab etdiyini bildirib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Moskva Tehranla “uyğun işləyə bilsə” Tramp məmnun olardı.
Trampın özü bu məsələ ilə bağlı qərarın dərhal verilməli olduğunu bəyan edib. Siyasətçinin sözlərinə görə, Rusiya prezidenti ilə dialoqunda o, İranın nüvə silahına malik ola bilməyəcəyini vurğulayıb.
//Gülnarə Abasova, Editor.az