Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Moskvanın həm iqtisadi, həm də hərbi resurslarının davamlılığı getdikcə daha çox sual doğurur. Xüsusilə sanksiyaların təsiri, texnoloji məhdudiyyətlər və alternativ tərəfdaşlardan asılılığın artması Rusiyanın strateji imkanlarını yenidən qiymətləndirməyi zəruri edir. Mövcud dinamika region ölkələri, o cümlədən Azərbaycan üçün də təhlükəsizlik və iqtisadi baxımdan diqqətlə izlənilməli prosesdir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında qeyd edib ki, Ukraynaya qarşı başladığı təcavüzkar müharibə Rusiya üçün həm siyasi, həm də iqtisadi baxımdan ciddi mənfi nəticələr doğurmaqdadır:

“Müharibənin başlanmasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar əhəmiyyətli dərəcədə sərtləşdirilib və bu da ölkə iqtisadiyyatında müəyyən durğunluğun yaranmasına səbəb olub. Rusiya ənənəvi enerji ixrac bazarı olan Qərbi Avropa ölkələrini itirib və hazırda bu resursları əsasən Hindistan və Çinə yönəltmək məcburiyyətində qalıb.
Müharibənin yaratdığı reallıqlar Rusiyanın İran, Şimali Koreya və Çin kimi ölkələrdən hərbi texnika və silah tədarükünə başlaması ilə nəticələnib. Xüsusilə İran istehsalı olan pilotsuz uçuş aparatları və raket sistemləri, eləcə də Şimali Koreyadan alınan artilleriya vasitələri bu asılılığı daha da artırıb”.
O, həmçinin bildirib ki, Rusiya İqtisadiyyat Nazirliyi belə iqtisadi durğunluğun mövcudluğunu etiraf edib və bu prosesin 2026-cı ilə qədər daha da dərinləşəcəyi ehtimal olunur:
“Bununla yanaşı, bəzi geosiyasi proseslər nəticəsində Rusiya neftinə tətbiq olunan sanksiyaların qismən yumşaldılması ölkəyə əlavə gəlirlər qazandırsa da, bu, ümumi mənzərəni köklü şəkildə dəyişmir. İqtisadi çətinliklər artıq döyüş meydanında da özünü göstərir və Rusiya qarşıya qoyduğu hədəflərə tam şəkildə nail ola bilmir. Eyni zamanda, Ukraynanın son dövrlərdə daha aktiv hərbi əməliyyatlar həyata keçirməsi də bunu təsdiqləyir.
Rusiyanın bu yükü nə qədər davam etdirə biləcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Bununla belə, ölkənin zəngin təbii resursları müəyyən müddət iqtisadi dayanıqlığı təmin etsə də, yüksək texnologiyalar sahəsində geri qalması və müharibənin uzanması bu yükü getdikcə daha da ağırlaşdırır”.
//Gülnarə Abasova, Editor.az

