Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Maraqlıdır, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı gərgin bir vaxtda Lavrovun ermənistanlı həmkarı ilə görüşü nədən xəbər verir?
Mövzu ilə bağlı Editor.az-ın suallarını cavablandıran siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Rusiyanın paytaxtı Moskva şəhərində bu ölkənin və Ermənistanın xarici işlər nazirlərinin görüşündə əsasən Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərin müzakirə ediləcəyi gözlənilir:

“Əslində, xarici işlər nazirlərinin görüşünü Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüşə hazırlıq kimi də qəbul etmək olar. Ancaq bununla belə, rus və erməni xarici işlər nazirləri regionda mövcud olan situasiyanı mütləq müzakirə edəcəkləri qətiyyən şübhə doğurmur. Üstəlik, hər iki tərəfin mövcud situasiya ilə bağlı ciddi narahatlıqları var. Belə ki, rəsmi İrəvan bir müddət öncə Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin davranışlarından narazı olduğunu bəyan etmişdi. Üstəlik Kremldən rus sülhməramlılarla bağlı araşdırmanın aparılmasını tələb etmişdi. Digər tərəfdən, Rusiyanın Ukrayna savaşı və beynəlxalq sanksiyalar ucbatından çətin duruma düşməsi, hətta son vaxtlar hərbi-siyasi cəhətdən zəifləməyə başlaması da Ermənistanı narahat edir. Çünki Rusiya Ermənistanın Cənubi Qafqazda ən ciddi himayədarıdır. Rusiyanın zəifləməsi rəsmi İrəvanı Ermənistanın gələcək taleyi ilə bağlı ciddi şəkildə narahat olmağa məcbur edir. Ona görə də, rəsmi İrəvanın Rusiyanın əvəzləyə biləcək daha güclü müttəfiq axtarışındadır. Belə axtarışlar isə Ermənistanın Rusiya və Qərb dövlətləri arasında “sürüşkən manevrlər” etməyə məcbur buraxır. Təbii ki, Kremldə rəsmi İrəvanın “sürüşkən manevrlər”ini diqqətlə izləyirlər. Rusiyanın başı nə qədər Ukrayna savaşına qarışsa da, Ermənistanın Qərbdə yeni müttəfiq axtarışına çıxması Kremldə qıcıq yaradır”.
Siyasi analitikin sözlərinə görə, son günlər Ermənistanda Rusiya ilə bağlı revanşist siyasi düşərgənin yenidən hərəkətə gətirildiyi müşahidə edilir:
“Kreml bununla Paşinyan hakimiyyətini çevriliş təhlükəsi ilə hədələməyə çalışır. Nəhayət, ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, Rusiya son vaxtlar Cənubi Qafqaza nəzarət imkanlarını getdikcə itirdiyini də hiss etməyə başlayıb. Kreml anlayır ki, ABŞ və Qərb Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün konkret addımlar da atmağa başlayıb. Xüsusilə də, Azərbaycan və Ermənistan arasındakı problemlərin həllində Avropa qurumlarının ön plana keçməyə çalışması Rusiyanın regiondakı əsas təsir mexanizminin Kremlin əlindən alınması ilə nəticələnə bilər. Bu baxımdan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş Brüssel görüşü Kremli ciddi şəkildə narahat edir. Rusiya indiki situasiyada, xüsusilə də, Avropa qurumlarının vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında qətiyyən maraqlı deyil. Çünki bu istiqamətdə əldə olunan istənilən uğur Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdıra bilər”.
E. Xalidbəyli vurğulayıb ki, Brüssel görüşünün nəticələri Ermənistanın da əl-qolunu bağlayır:
“Belə ki, rəsmi İrəvan bundan sonra sülh sazişinin imzalanması tərəfdarı kimi bəyanatlar verib, sonradan danışıqlar prosesini pozmaqda çətinlik çəkəcək. Çünki, Brüssel görüşündə də razılaşdırıldığı kimi, Ermənistan üçtərəfli anlaşmaları tam şəkildə yerinə yetirmək məcburiyyətində qalacaq. Əgər, buna qədər Rusiya bu anlaşmaların icrasına öz maraqlarından yanaşırdısa, Ermənistanın həmin sənədlərin tələblərini kobud şəkildə pozmasına göz yumurdusa, indi bu, o qədər də asan olmayacaq. Hər halda, Brüssel görüşünün nəticələri üçtərəfli anlaşmaların icrasına Avropa qurumlarının nəzarətini də təmin etmiş oldu. Bundan sonra rəsmi İrəvanın həmin sənədlərə daha həssas yanaşması qaçılmaz xarakter daşıyır. Bütün bunları nəzərə aldıqda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın və baş nazir Nikol Paşinyanın Moskva səfərləri rəsmi İrəvana müsbət heç nə vəd etmir. Böyük ehtimalla Kreml Rusiyanın Cənubi Qafqazda mövqelərinin itirilməsi təhlükəsi qarşısında qaldığından Ermənistana təzyiq göstərməyə çalışacaq. Və Brüssel görüşü çərçivəsində sülh sazişinin imzalanmasına göstərilən cəhdləri boşa çıxartmağa can atacaq”.
//Gülnarə Abasova, Editor.az

