“Kremldən səslənən bu bəyanatlar sadəcə söz yığınıdır”-AÇIQLAMAbackend

“Kremldən səslənən bu bəyanatlar sadəcə söz yığınıdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə Peskov, nə Lavrov, nə də digərilərinin bəyanatları Azərbaycanın fəaliyyətinə təsir edə bilər”.

Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev mayın 14-də Brüsseldə üçtərəfli görüşün keçirildiyi vaxt Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun yerli televiziyaya müsahibəsində növbəti dəfə üçtərəfli sazişin Bakı ilə İrəvan arasında nizamlanma üçün qaldığını və heç bir alternativinin olmadığı fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Sergey Lavrov daha əvvəl Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı da bəyanat vermişdi:

“Lakin Azərbaycan rahatlıqla öz ərazilərində sərhəd-keçid məntəqəsini yaratdı. Peskovun da bu bəyanatı müəyyən məqsədlər daşıyır. Amma buna tam nail ola bilmirlər. Rusiya istəmir ki, Azərbaycan və Ermənistan arasındakı məsələ kənar platformalarda öz müsbət həllini tapsın. Çünki bu, rəsmi Moskvanın münaqişə tərəflərinə təsirini maksimum azalda bilər”.

Hərbi ekspertin fikrincə, Kreml üçtərəfli bəyanata istinad edirsə, ilk növbədə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini oradan təmizləməli idi:

“Rusiya həmin bəyanatın şərtlərinin yerinə yetirilməsinə zəmanətçi ölkə kimi dürüst davransaydı bu gün Zəngəzur dəhlizi ilə Naxçıvana gediş-gəliş mümkün olardı. Kremldən səslənən bu bəyanatları sadəcə söz yığını kimi qəbul etməliyik. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev nəyi nə zaman edəcəyini Peskov və onun kimilərdən daha yaxşı bilir. Odur ki, Peskov yaxşı olar ki, Rusiyanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirib-yetirmədiyindən danışsın. Bununla yanaşı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən separatçıların çıxarılması prosesi həyata keçirilməlidir. Digər məsələlərə müdaxilə etmək cəhdləri isə onlara heç bir müsbət nəticə verməz “.

//Safura Bənnayeva, Editor.az