Kremlin “referendum” hoqqabazlığı baş tutacaqmı?-“Əgər, dünya ölkələri buna göz yumsa…”backend

Kremlin “referendum” hoqqabazlığı baş tutacaqmı?-“Əgər, dünya ölkələri buna göz yumsa…”      

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın keçirdiyi “referendum”lar tanınmayacaq, ancaq hərbi-siyasi cəhətdən yeni situasiya yarada bilər. Birincisi, “referendum”lar Ukrayna ərazisində kənar dövlət – işğalçı dövlət tərəfindən keçirilib. Bu, tamamilə absurddur və həmin “referendum”da Rusiya işğalından qaçan ukraynalılar iştirak etməyiblər. Həmin ərazilərdə yalnız çox az sayda qalmış etnik rusların hesabına bir “referendum” tamaşası oynanılıb. Digər tərəfdən, Rusiyanın Ukrayna ərazilərini əvvəlcə işğal edib, sonra parça-parça “referendum” keçirərək, “mənimdir” deməsi də dünyada analoqu olmayan bir hadisədir. Əgər, dünya ölkələri buna göz yumsa, gələcəkdə belə absurd hadisələr təkrarlana, güclü dövlətlər zəif qonşu ölkələrin ərazilərini işğal edib, Rusiyanın icad etdiyi “referendum” modeli ilə mənimsəyə bilər. Ona görə də, Rusiyanın bu davranışlarının qarşısını almaq olduqca vacibdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Siyasi analitik vurğulayıb ki,  Kremlin “referendum” hoqqabazlığının baş tutacağı qətiyyən inandırıcı görünmür:

“Çünki dünya ölkələri “referendum”ları tanımadığını açıq və sərt şəkildə bəyan ediblər. Üstəlik Kreml bu məsələdə Rusiyanın KTMT üzrə müttəfiqlərindən də dəstək ala bilmədi. Hətta Rusiyanın ən yaxın müttəfiqi olan Belarus belə, “referendum”ları tanımadı. Kreml sahibi Vladimir Putin Soçidə iki gün ərzində Belarus prezidenti Aleksandr lukaşenkonu dilə tutdu. Ancaq Belarus prezidenti beynəlxalq sanksiyaları bəhanə edərək, bu məsələdə Rusiyanı dəstəkləmədi. Əslində, Kreml Ukraynanın işğal olunmuş ərazilərində “referendum” keçirməklə, savaşın istiqamətlərini Rusiyanın xeyrinə dəyişmək məqsədi güdürdü. Belə ki, Kremldə ümid edirlər ki, əgər, “referendum” keçirilmiş ərazilər Rusiyaya birləşdirilərsə, həmin bölgələrə Ukrayna ordusunun hücum əməliyyatları dayandırıla bilər. Çünki, ABŞ və Qərb, xüsusilə də, NATO hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsinə qarşı çıxdığını qətiyyən gizlətmir. Bundan istifadə etməyə çalışan Kreml də işğal olunmuş əraziləri Rusiyaya birləşdirməklə, Ukrayna ordusunun hücum əməliyyatlarını bloklaya biləcəyini düşünür. Eyni zamanda, bu addım Kremlə Ukrayna savaşından müəyyən üstünlüklə çıxmaq şansını təminat altına alınması baxımından da vacibdir. Yəni, Rusiya işğal etdiyi əraziləri elə indidən qeyri-qanuni şəkildə mənimsəmək niyyətindədir. Kreml Krım yarımadasını ilhaq edərkən də eyni model üzrə davranırdı”.

E. Xalidbəyli Kremlin öz niyyətlərinə çata biləcəyini inandırıcı hesab etmir: “Böyük ehtimalla ABŞ və Qərb Rusiyaya qarşı mübarizəni daha da sərtləşdirəcək. Ukrayna ordusu ölkə ərazilərinin işğaldan azad edilməsini davam etdirəcək. Rusiya əvvəl-axır Krım yarımadasını və Donbas da daxil olmaqla, işğal etdiyi bütün ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq. Rusiyanın bu savaşda qələbə variantı demək olar ki, yoxdur”.

//Gülnarə Abasova, Editor.az