Kremlin Xankəndidə “pasport oyunu”: Bakı bu addımı atacaqbackend

Kremlin Xankəndidə “pasport oyunu”: Bakı bu addımı atacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər dünyanın gözü Ukrayna ətrafında baş verən hadisələrə yönəlsə də, Qarabağın dağlıq hissəsindən də həyəcanlı xəbərlər gəlməkdədir. Dinc erməni əhalisinə qanunsuz şəkildə silahlar paylanılır. Onlara təlim keçirilir. Bütün bunlar öz yerində; digər həyəcanlı xəbərlər erməni qadınların kütləvi şəkildə rusiyalı sülhməramlılarla nikaha girməsi və onlara Rusiya pasportu verilməsi ilə bağlıdır. İddialara görə, hətta bir rus hərbçisi bir neçə erməni qadını, qızı ilə nikaha girir. Bu da gələcəkdə sülhməramlıların müvəqqəti ərazilərdə daha çox qalmasına hesablanmış addım ola bilər. Ən azından ekspertlər, politoloqlar belə deyirlər.

Bəs, rəsmi Bakı bunun qarşısını necə almalıdır? Hansı kontur-addımlar atmalıyıq? 

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində bildirib ki, ermənilərin bütün təxribatlarına qarşı ən sərt addım anti-terror əməliyyatlarıdır.

Müsahibəni təqdim edirik:

– Qabil müəllim, Qarabağın dağlıq hissəsindəki erməni qadınların kütləvi şəkildə rusiyalı sülhməramlılarla nikaha girməsi və onlara Rusiya pasportu verilməsi ilə bağlı xəbərlər yayılıb. Rəsmi Bakı ermənilərin Kremllə koordinasiyalı şəkildə idarə etdiyi bu prosesin qarşını hansı şəkildə almalıdır?

– Bizdə belə bir atalar məsəli var; ayının min oyunu var, bir armudun başında… İndi Qarabağın dağlıq hissəsindəki Rusiyanın hərbi hissələrinin nümayəndələri, başqa adla söyləsək, sülhməramlılar bu bölgədə qalmalarını daha əsaslı və möhkəm etmək xatirinə min cür oyuna girirlər. Əlbəttə, Ukrayna ətrafında baş verən son hadisələri nəzərə alsaq görərik ki, Rusiya bütün post-sovet məkanında jandarma missiyasını həyata keçirir. Yəni, Kreml həmin ölkələrin ərazilərini parçalayır. Orada süni dövlət qurumları yaradır. Sonra da həmin “dövlət qurumlarını” öz tabeliyinə keçirmək üçün müxtəlif yollara əl atır. Bəli, ruslar Qarabağın dağlıq hissəsində də belə bir oyuna girə bilərlər. Ola bilsin, bəlkə də artıq bu oyuna giriblər. Amma onların hədəflərində Abxaziya, Cənubi Osetiya və Donetskdə olduğu kimi, Rusiya vətəndaşı olan, bu ərazilərdə yaşayan separatçılara, eləcə də onların təmsil etdiyi millətin nümayəndələrinə Rusiya vətəndaşlığı pasportu paylamaqla bölgənin mənimsənilməsi prosesini gerçəkləşdirə bilərlər. Elə bu nöqteyi-nəzərdən söyləmək mümkündür ki, bu saat Qarabağın dağlıq hissəsində gedən proseslər bəllidir və Azərbaycanın qırmızı xətlərindən  tamamilə kənara çıxmış hərəkətlərdir. Biri Xankəndidə konstitusiyanın qəbul edilməsi və onun üzərində iş aparılmasını qeyd edir. Bir başqası yeni parlament və prezident seçkilərinin həyata keçiriləcəyini söyləyir. Söhbət erməni əhalisindən gedir. Başqa birisi isə Qarabağın dağlıq hissəsinin Rusiyaya tabe etdirilməsi ideyası ilə çıxış edir. Yəni, bu saat Qarabağın dağlıq hissəsində olan separatçılar özlərinə aid olan ictimai şüuru çox təlatümə gətirirlər. Onu həddindən çox dalğalandırırlar. Eyni zamanda, bu prosesdə adamları bir növ  bəlli bir hədəfə, istiqamətə yönəltməyə çalışırlar.

– Bəs, Qarabağdakı rusiyalı sülhməramlılar bu işlərin harasındadır?

– Əgər belə demək mümkündürsə, bu hərəkətlərə dəstək verən rusiyalı sülhməramlılar proseslərdə detanator rolunu oynayır. Orada yaşayan cəmi 18-20 minlik erməni azlığı üçün bir çox məsələlərdə yardımçı rolunu və funksiyasını yerinə yetirir; Gah humanitar yardım paylayır, gah konsert proqramları təşkil edir, gah da məktəblərə gedərək orada, xüsusən də tarix dərslərində erməni-rus əlaqələrini daha da təhrif edərək, şişirdərək şagirdlərə çatdırırlar. Bir sözlə, Qarabağın dağlıq hissəsində çox intensiv proseslər gedir. Bu intensiv proseslərin hamısı bir mərkəzdən – Moskvadan istiqamətləndirilir. Bütün ssenarilər Moskvada hazırlanır və ya ideyaların bir hissəsi elə sülhməramlıların özləri tərəfindən düzülüb-qoşulur. Bir sözlə, Qarabağın dağlıq hissəsində atılan üzdəniraq addımlar artıq Azərbaycanın proseslərə müdaxiləsinin vaxtının çatdığını söyləyir.

– Bakı bu “nikah oyunları”na qarşı hansı addımları ata bilər?

– Əvvəla, yəqin ki, Azərbaycan bu məsələ ilə bağlı diplomatik müstəvidə işlər aparacaq. Yəqin ki, artıq aparır. Belə bir qeyri-səmimi, əslində sırf merkantil maraqlara qulluq edən bu hərəkətlərin dayandırılmasını tələb edə bilərik. Çünki Qarabağın dağlıq hissəsində o qədər erməni qız və ya qadın yoxdur ki, rusiyalı sülhməramlılarla nikah əlaqələrinə girsinlər. Oradakı erməni qadınların bir çoxu faktiki olaraq Qarabağın dağlıq hissəsindən müharibə təhlükəsi ilə əlaqədar olaraq çıxarılıblar. Qalanlarının əksəriyyəti isə yerli qadınlardır və onların ərləri var. Həmin ermənilərin ərləri Qarabağın dağlıq hissəsində yaşayaraq əldəqayırma “ordu”da “qulluq edirlər” və ya digər missiyaları həyata keçirirlər. Yəni, nəzəri cəhətdən süni nikahlandırma prosesi mümkün olsa da, praktiki cəhətdən bunu reallaşdırmaq çox çətindir. Çünki Qarabağın dağlıq hissəsində ruslara təzyiq etmək üçün hazır olan qadın yoxdur desək, yanılmarıq. Amma bu təxribatları hazırlayanlar “ağına-bozuna” baxmırlar. Ortada kimlərin olub-olmamasına da fikir vermirlər. Hətta həmin “nikah şəhadətnamələrini” qadınlar olmadan da reallaşdıra bilərlər. Yəni, real nikahqurma prosesi olmadan, saxta nikah prosesini qeydə almaq mümkündür. Düşünürəm ki, bunların hamısı uğursuz əməliyyatlardır. Uğursuz addımlar kimi qiymətləndirirəm. Azərbaycan Qarabağın kiçik hissəsindəki şouların, müxtəlif oyunların həyata keçirilməsinə izn verməyəcək.

– Əgər diplomatik səylər bir nəticə verməsə, nə olacaq?

– Diplomatik səylər bir nəticə verməsə, o zaman digər prosedurlara yaşıl işıq yanacaq. Sülhməramlıların bölgədən çıxarılması tələbi gündəmə gələcək. Bundan sonra lokal anti-terror əməliyyatlarının keçirilməsinə başlanıla bilər. Ən azından bunun baş tutması mümkündür. Bir sözlə, qarşı tərəfə yalnız sözlə deyil, praktiki cəhətdən də xəbərdarlıq etməyə gücümüz var. Bu da yerinə yetiriləcək. Əks təqdirdə, indiyə qədər bizim qazandığımız qələbələrin tamamlanması prosesində bir dayanma, fasilə ola bilər, bu da bizim üçün yolverilməzdir. Azərbaycan heç zaman belə bir vəziyyətlə barışmaz.

– Dinc ermənilərə də silahlar paylanılır, təlimlər keçirilir. Ehtimal olunur ki, yaz-yay aylarında separatçılar Azərbaycana qarşı növbəti təxribatlara imza atmağa hazırlaşır. Rəsmi Bakı bu addımların qarşısını almaq üçün nə etməlidir? 

– Doğrudur, Xankəndindəki və sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərdəki əhaliyə qanunsuz olaraq silahlar paylanılır. Bu, faktdır. Hətta bununla bağlı qondarma parlamentdə “qanun” da qəbul edilib. Guya “özünümüdafiə” xarakterlidir. Deyilir ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin hər biri, cinsindən asılı olmayaraq  hər kəs silah ala və ya onu gəzdirə bilər. Qarabağdakı qanunsuz silahlı dəstələrin təlim keçmələri, yeni ordu birliklərinin formalaşması haqqında söylənilənlərin böyük əksəriyyəti uydurulmuş rəqəmlərdir. Zənnimcə, onlar gözə kül üfürməklə məşğuldur. Onlarda belə bir “həvəs” olarsa, bu cür təxribatlara getməyə meyl edərlərsə, o zaman Azərbaycanın əlinə fürsət düşəcək. Hətta Qarabağda anti-terror əməliyyatlarının başlanmasına bir bəhanə, vəsilə kimi ondan istifadə edilə bilər. Hər halda, ermənilər ürək bulandırmaqda davam edirlər. Görünən odur ki, separatçılarla davranmağın yeganə yolu silah və dəmir yumruqdur. Azərbaycan da bunu hər an həyata keçirməyə hazırdır.