Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın inzibati mərkəzi olan Sevastopolun qubernatoru Mixail Razvozhayev Belbek aviabazasına yaxınlaşan Ukraynaya məxsus PUA-nın (Pilotsuz Uçuş Aparatı) Rusiya zenit mövqelərindən açılan atəşlə vurulduğunu açıqlayıb.
Editor.az “CNN.Türk”ə istinadən bildirir ki, gecə silsilə partlayış səsləri eşidilib, lakin qubernator Razvozhayev bazanın zərər görmədiyini bildirib. Bu bəyanatlar hələlik əsas mənbələr tərəfindən təsdiqlənməyib.
Rusiyanın Krımdakı digər aviabazası Saki bu ayın əvvəlində baş verən partlayışlar nəticəsində məhv edilib. Rusiya partlayışların “qəza” nəticəsində olduğunu desə də Ukrayna rəsmiləri bunun təxribat əməliyyatı olduğunu qeyd edib.
Digər tərəfdən Rusiya səlahiyyətliləri sursat anbarında baş verən yanğın səbəbilə Ukrayna sərhədinə yaxın iki kəndin boşaldıldığını açıqlayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, yanğın Timonovo yaxınlığında, sərhəddən 50 kilometr az məsafədə baş verib.
Ölü və yaralıların olub-olmaması hələlik məlum deyil.
//Safura Bənnayeva, Editor.az

