‘’Ermənistan Azərbaycan və Ermənistan sərhəd xəttində yaranmış gərginliklərdən istifadə edərək təxribat törədib fakt yaratmağa və bu faktla KTMT-ni bölgəyə cəlb etməyə çalışır’’.
Bu sözləri Editor.az- a açıqlamasında politoloq Asif Nərimanlı Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər istiqamətindəki dövlət sərhədində Azərbaycan və Ermənistan hərbiçiləri arasında münaqişənin baş verməsi ilə bağlı yaydığı məlumatı şərh edərkən deyib.
Politoloq bildirib ki , KTMT-ni bölgəyə cəlb etmək artıq proseslərə Rusiyanın da müdaxiləsi deməkdir: ‘’Bütün bunlar Azərbaycanın təklənməyi və Rusiyanın tərəf olmağına gətirib çıxara bilər. Eyni zamanda bölgədə Türkiyə ilə Rusiya da üz-üzə qala bilər. Məlumdur ki, bu məsələrdə qərbin də müəyyən qədər marağı var’’.
Politoloqun qeyd edib ki, Ermənistan sərhəddə təxribat törədib istədiyinə nail olsa KTMT-nin nizamnaməsinə görə hüquqi baxımdan KTMT-yə üzv ölkələr birbaşa prosesə qoşulmalıdır: ‘’ Lakin Ermənistan tərəfinin Rusiyadan istədiyi hərbi yardım və sərhəddəki proseslərlə bağlı müraciətləri KTMT tərəfindən hələki təsdiqlənməyib. Görünür, məsələ araşdırma mərhələsindədir. Bundan sonra Ermənistanın əsas hədəfi məsələni daha çox qızışdırıraraq sərhəddə tez-tez toqquşmaların baş verməsi üçün şərait yaratmaq olacaq. Ermənistan Müdafiə Nazirliyinin dünən sərhəddə baş verənlərlə bağlı verdiyi açıqlama da sırf buna hesablanıb. Açıqlamada bildirilir ki, Azərbaycan hərbiçilərinin hərəkəti nəticəsində Ermənistan və Azərbaycan arasında münaqişə yaranıb və həll olunub. Bununla da, Ermənistan əvvəlcədən müraciət etdiyi KTMT- yə sərhəd prosesində artıq münaqişələrin yarandığını göstərmək istəyir. KTMT nizamnaməsinin 4-cü bəndini aktuallaşdırmaq, yəni ‘’dövlətə hücum’’ taktikasını həyata keçirmək üçün Ermənistanın təxribata əl atacağı istisna deyil. Tovuz döyüşlərində də, Vətən müharibəsindən əvvəl Qazax istiqamətində etdikləri təxribatlarla biz bunun şahidi olmuşuq. İndi isə dövlət sərhədi istiqamətində təxribat törədərək Azərbaycanı özlərinə qarşı hücuma təhrik etməklə, Rusiyanı və KTMT-nin məsələyə müdaxiləsi üçün zəmin yaradır. Lakin KTMT-nin məsələlərə müdaxiləsi yalnız qərb ölkələrinin proseslərə daha çox qoşulması ilə baş tuta bilər. Bu zaman Rusiya KTMT kartından istifadə edərək proseslərə müdaxilə edəcək.’’
Asif Nərimanlının sözlərinə görə, Ermənistanın belə rəsmi açıqlamalarının Nikol Paşinyan hakimiyyətinə də təsiri açıq-aydın hiss olunur:‘’Paşinyan KTMT- ni proseslərə cəlb etməklə aranı qarışdırmaq və Rusiyanı müttəfiqlərindən uzaqlaşdırmağa çalışır. Çünki Paşinyanın rəqibləri əsasən Rusiya yönümlüdür. Eyni zamanda, N. Paşinyan Qarabağda məğlubiyyətdən sonra sərhəddə Azərbaycana qarşı mübarizə apardığını da əhalisinə göstərməyə çalışır. Burada əsas məqam Rusiya və KTMT-nin yanaşmasıdır ki, bu da hələ ki Nikol Paşinyanın ürəyincə deyil’’.
Politoloq deyib ki, proeslərin gedişatından görünür ki, Rusiya konkret mövqe sərgiləmir və Ermənistan- Azərbaycan arasında vasitəçi kimi çıxış edərək öz hakimliyini qoruyur: ‘’KTMT-yə üzv olan ölkələrdən Tacikistan və Qazaxıstan prezidentləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparması və digər faktlar göstərir ki, Ermənistanın bu ittifaqın üzvü olmasına baxmayaraq təşkilata daxil olan ölkələr hər zaman Azərbaycanla normal əlaqələrin saxlanmasına daha çox üstünlük verirlər. Düşünürəm ki, KTMT hələ ki Azərbaycan əleyhinə addım atmayacaq’’.
Gülnarə Abasova, Editor.az

