“Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla sərhəddə Rusiya və yaxud KTMT hərbiçilərinin yerləşdirilməsini təklif etmişdi. Əgər, Rusiya və KTMT prosesdə olmasa, Minsk qrupunun həmsədr ölkələrinin hərbiçilərini alternativ olaraq göstərdi. Rəsmi Yerevan isə dövlət sərhədində, xüsusilə Kəlbəcər istiqamətində təxribatlara əl atır, həmçinin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə atəşkəsi mütəmadi pozur”.
Bu sözləri Editor.az -a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Ermənistan Azərbaycanla sərhəddə delimitasiya və demakrasiya prosesinə mane olaraq işğalda qalan Azərbaycan kəndlərinin geri verilməsində əlavə güzəştlər əldə etməyə çalışır:
“Rusiya Ermənistanı daha da nəzarətində saxlamaq, Azərbaycanla sərhəddə mövcud böhranı davam etdirmək üçün KTMT adı altında öz hərbiçilərini Kəlbəcər və Naxçıvan istiqamətində yerləşdirə bilər. Məhz KTMT Baş katibi S. Zasın N. Paşinyanın mövcud açıqlamasından sonra Ermənistana səfərində bu istiqamətdə danışıqlar aparıla və sərhəddə yeni qüvvələr yerləşdirilə bilər. Təbii ki, S.Zas Kremlin təlimatı ilə Ermənistanın Azərbaycanla sərhədinin nəzarətə götürülməsi reallaşa bilər. Rusiya Azərbaycanla münasibətləri pozmamaq üçün hərbiçilərini təktərəfli olaraq delimitasiya aparılmayan ərazilərdə yerləşdirmir. KTMT bayrağı altında Rusiya hərbiçilərinin sərhəddə yerləşməsi reallaşa bilər. Bunu Rusiya Azərbaycana dolayı yolla təzyiq vasitəsi kimi də istifadə edir. Çünki Moskva Azərbaycanın KTMT müşahidəçisi statusunu alması üçün danışıqlar aparsa da, rəsmi Bakı bu qurumda müşahidəçi olmağa tələsmir”.
Politoloqun sözlərinə görə KTMT Baş katibinin İrəvana səfəri, aparılan danışıqlar müharibədən sonra vəziyyətin gərginləşməsinə xidmət edir:
“Demək olar ki, 10 noyabr və 11 yanvar razılaşmaların həyata keçirilməsi dalana dirənib. Amma Azərbaycan bunu bir müddətdən sonra ölü nöqtədən dirildəcək. Əgər, KTMT qüvvələri Qazax və Kəlbəcər istiqamətində yerləşərsə, ümumi siyasi situasiya gərginləşəcək”.
//Gülnarə Abasova, Editor.az

