Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının Azərbaycan və Ermənistan sərhədinə göndərilməsi vaxtı İrəvandan asılıdır.
Bəs Ermənistan müşahidə missiyası ilə bağlı hansı qərarı verəcək? Azərbaycan sərhədlərdə KTMT missiyasının yerləşdirilməsində maraqlıdırmı?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Rusiya XİN rəhbərinin bu açıqlamasından narahat olmağa və ya təəccüblənməyə dəyməz:

“Bunu Ermənistana üstünlük verilməsi kimi də qəbul etmək doğru olmazdı. Bildiyiniz kimi, hazırda KTMT-də sədrlik dönəmi Ermənistandadır. Ona görə də Zaxarova əlbəttə, istər-istəməz bu məsələnin İrəvandan asılı olduğunu deməli idi. Başqa ölkə olsaydı, həmin ölkənin adını çəkəcəkdi. Ermənistanın hansı qərar verəcəyinə gəlincə isə düşünürəm ki, Paşinyan iqtidarı bu barədə qərar verməyə tələsmir, ehtiyat edir. Çünki müşahidə missiyasının göndərilməsi Ermənistanla Qərb arasında soyuqluq yarada bilər. KTMT həm də “Rus NATO”su adlanır. Amerika başda olmaqla Avropa dünyası “Rus NATO”sunun Qarabağa gəlməsinə sizcə seyirci qalarmı? Əlbəttə, yox. Bir də onsuz da rus sülhməramlılarının Qarabağda olmasını həzm edə bilmir. Onun da üzərinə bunun gəlməsinə razı olmaz. Bir də nəzərə onu da alaq ki, Avropa İttifaqının müşahidə missiyası da Ermənistanla Azərbaycan sərhədindədir. Düşünürəm ki, burada Paşinyan hökuməti hiylə işlədə bilər. Belə ki, indidən KTMT müşahidə missiyasının Qarabağa göndərilməsinə zəmin hazırlaya və ondan sonra “Rus NATO”suna dönəm sədrliyinə başlayacağı barədə ölkə qərar verər. Bir sözlə “bir güllə ilə iki dovşan vurmaq” məsələsinə dönər…”.
C.Abbaslının fikrincə, Azərbaycan KTMT müşahidə missiyasının Qarabağa gəlməsinə heç vaxt razı olmaz:
“Necə razı olsun ki, qurumun üzv ölkələrindən biri ərazisini 30 ildən çox işğal altında saxlayan təcavüzkar Ermənistandır. Eyni zamanda, rəsmi Bakı tez-tez rus sülhməramlarının vaxtı çatan kimi Qarabağı tərk edəcəklərini deyir. İndi onlar qala-qala faktiki Rusiyanın tam nəzarətində olan KTMT müşahidə missiyasının gəlməsinə razılıq ifadə etmək doğru olmaz. Bir də müşahidə missiyaları nəyi müşahidə edəcək? 30 ildən çox idi ki, niyə müşahidə etmirdilər? Bir sözlə, Azərbaycanın bu məsələdə mövqeyi məlumdur və KTMT Qarabağa gələ bilməz. Buna heç qardaş Türkiyə də razı olmaz”!
//Safura Bənnayeva, Editor.az

