KTMT-nin baş katibi Stanislav Zas açıqlama verib.O, qeyd edib ki, bir neçə dövlətin iştirakı ilə regional müharibə başlaya bilər. “Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər”.
Məsələni Editor.az-a şərh edən hərbi eksper Elxan Şıxəliyev bildirib ki, KTMT-nin baş katibi Stanislav Zasın bəyanatı şantaj mahiyyəti daşıyır:

“Rusiya Ermənistan üzərindən istəklərinə nail ola bilmədiyi, erməni siyasətçiləri Rusiyadan uzaqlaşmaq üçün “yol xəritəsi” hazırladıqları üçün Ermənistana mesaj verilir.
Əgər Ermənistanı siyasi iradə olaraq nəzarətdə saxlaya bilməsələr, bunu hərbi gücün müdaxiləsi ilə həyata keçirəcəklərinə dair verilən bəyanat kimi qəbul etmək olar. Burada həmçinin İranın da mövqeyi nəzərə alınır. Rusiyanın Cənubi Qafqazda strateji maraqları var. Xüsusilə də Ermənistan üzərində…”.
Hərbi ekspertin fikirlərinə görə, baş katibin səsləndirdiyi ifadələr reallığı əks etdirmir:
“Çünki Rusiyanın indi hansı vəziyyətdə olduğu məlumdur. 3 günlük planlaşdırılmış müharibədə artıq 300-cü gündür ki, Rusiya Silahlı Qüvvələri Ukraynada can çəkişir. Digər tərəfdən İranın daxilindəki vəziyyət də olduqca qəlizdir. Ermənistanda iqtisadi-siyasi vəziyyətindəki problemlərə görə ayaqda qala bilmək üçün mübarizə aparır. Bu coğrafiyada ən stabil olan ölkələr Azərbaycan və Türkiyədir. Gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərində Stanislav Zasın dediklərinin tam əksinə siyasəti 3 əsas meyar müəyyən edəcək. Onlardan biri güc amilidir ki, bu da bizim lehimizədir. Xüsusilə də Türkiyə-Azərbaycan strateji müttəfiqliyi çərçivəsində. İkincisi isə məkandır. Bu da ölkəmizin tam nəzarət edə biləcəyi ərazilərdir. Üçüncüsü isə zamandır. Vaxt keçdikcə görürük ki, türk dövlətləri güclənir. Rusiya və müttəfiqləri sayılacaq Ermənistan və İran isə çökmək üzrədir. Azərbaycan-Türkiyə yeni mərhələdə Türk Dövlətləri Təşkilatının gücünün artması ilə ölkəmizə hər hansı hərbi gücün müdaxiləsini mümkünsüz qılır. Çünki Azərbaycan bu hərbi gücü dəf etməsi üçün kifayət qədər gücə malikdir. Bunu 44 günlük Vətən müharibəsində də gördük. Ərazilərimizin suverenliyinin tam bərpası, sərhədlərimizin delimitasiya, demarkasiyası və digər məsələlərdə Azərbaycan öz gücünü göstərəcək”.
//Safura Bənnayeva, Editor.az

