Kurikulumla bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirildi-Təhsil ekspertindən AÇIQLAMAbackend

Kurikulumla bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirildi-Təhsil ekspertindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən gün təhsil naziri Emin Əmrullayevin “Məktəbəqədər təhsil proqramı (kurikulum)” ilə bağlı imzaladığı əmr cəmiyyətdə əksəriyyət tərəfindən yanlış anlaşılıb və belə başa düşülüb ki, ölkədə kurikulum ləğv edilir”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Təhsil eksperti təhsil proqramları ilə bağlı yaranan anlaşılmazlıqlara aydınlıq gətirib:

” 2011-ci ilin dekabrında Ölkə Prezidenti cənab İlham Əliyev uşaq bağçaları və körpələr evini Təhsil Nazirliyinin tabeliyindən alıb icra hakimiyyətlərinə verdi. Daha sonra 2012-ci ildə həmin  uşaq bağçası və körpələr evində tədrisin təşkili,  təlim-tərbiyə prosesi, uşaqların müstəqil həyata hazırlanması istiqamətində məktəbəqədər təhsil proqramları ( kurikulum) hazırlandı. Hal-hazırda 1693 uşaq bağçasında 123 min şagird təhsil alır. Etiraf etmək lazımdır ki, 2012-ci ildə məktəbəqədər təhsil müəssisələrində 3-6 yaşlı uşaqlar üçün tətbiq edilən məktəbəqədər təhsil proqramlarında ciddi problemlər var idi. Əsas problemlərdən biri bütün yaş kateqoriyasına eyni kurikulum proqramlarının tətbiqi idi. Digər tərəfdən kurikulumlar şəxsiyyət yönümlü və nəticə yönümlü olmadığı üçün ciddi  çətinliklər yaranırdı. 2017-ci ildə Azərbaycanda “məktəbəqədər təhsil haqqında” qanun qəbul edildi. Eyni zamanda, yuxarı təhsil pillələri ilə bağlı kurikulum standartları dəyişdirildi. Birmənalı olaraq bütün bunlar da 2012-ci ildə təhsil proqramları ilə bağlı imzalanan sənədin dəyişməsi deməkdir. Bu o demək deyil ki, Azərbaycanda artıq məktəblərin nəznində məktəbəqədər hazırlıq qrupları olmayacaq. Yeni təklif edilən kurikulum qaydaları uşaq bağçaları və körpələr evini əhatə edir. Burada şagirdlərin dünya görüşünün artırılması, fiziki və psixoloji dayanıqlığının təmin edilməsi, nəticəyönümlü kurikumların tətbiqi nəzərdə tutulur. Çünki Azərbaycanda bəzi uşaq bağçaları vahid proqramlardan xəbərsiz olduğu üçün azyaşlı uşaqların ibtidai siniflərə çox zəif biliklərlə qəbul olur. Artıq ibtidai sinif proqramlarının bağçalarda da tətbiqinə başlanması ibtidai sinifdə təlim prosesini daha da yüngülləşdirəcək. Bu kifayət qədər müsbət haldır. Yeni məktəbəqədər təhsil proqramlarında artıq yaş sistemi də müəyyənləşib. Hər yaş qrupunun fərqli öyrənmə, qavrama bacarıqları olduğu  üçün ayrı-ayrı təhsil proqramları tətbiq edilib. Bu o demək deyil ki, ölkədə kurikulum ləğv olunur. Sadəcə sənəddə dəyişikliklər olunur. Kurikulumla dərs keçməsi üçün müəllimlər ən azı 1500-2000 manat maaş almalıdır. Çünki tələblər tamamilə fərqlənir. Yəni, ənənəvi təhsildən fərqli olaraq burada öyrənmə və öyrətmənin üsul və vasitələri fərqlidir. Müəllimlər müxtəlif metodikadan istifadə etməlidirlər. Bu da müəllimlərdə vaxt, enerji bəzi hallarda  maddi vəsait itkisinə gətirib çıxarır”.

K. Əsədov qeyd edib ki, “Kurikulumu ləğv etmək” və ya “bu, özünü doğrultmadı kimi” ifadələrin işlədilməsini düzgün hesab etmir:

“Hörmətli təhsil ağsaqqallarımızın bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşdırmaq lazımdır. Kurikulumu ləğv edək deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram kifayət qədər doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu başqa məsələ… Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamasıdır. Həyatı bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı”.

//Gülnarə Abasova, Editor.az