“Həm Laçın postu, həm də Zəngilan istiqamətində təxribat hücumları mövcud prosesin tərkib hissəsidir. Təxminən 2 həftə öncə Ermənistan həmin istiqamətdə diversiya qrupu göndərmişdi. Bu diversiya qrupunun hədəflərindən biri Azərbaycanın Ordusunun yerləşmə bölmələri ilə bağlı məlumatların toplanması və mümkün təxribat hücumlarında hədəflərin müəyyənləşdirilməsi idi. Həmin qrupun gəlişinin ardınca belə bir təxribat hücumu baş verdi”.
Bu fikirləri Editor.az-a politoloq Asif Nərimanlı bildirib.

Onun fikrincə, Laçın postu və Zəngəzur istiqamətində hücum Ermənistanın bu günə qədər ritorika ilə apardığı mübarizənin hərbi müstəviyə keçirilməsi kimi qəbul edilməlidir: “Çünki rəsmi İrəvan Laçında post qurulanda eyni rejimin Zəngəzur dəhlizində də tətbiq ediləcəyi ilə bağlı çıxış edirdi. Yəni əgər biz Laçın dəhlizinə post qururuqsa, Ermənistan da Zəngəzurdan dəhliz verməməyi hədəfləyirdi. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı geri addım atmadı. Bu həm də region ölkələri Türkiyə, Rusiyanın da marağında olan məsələdir. O cümlədən Avrasiyanın nəqliyyat dəhlizində vacib elementlərdən biridir. Sonuncu Moskva görüşündə də bu məsələ gündəmə gətirildi. Davam edən danışıqlardan belə nəticə çıxır ki, Ermənistanın istəyi qəbul edilmir. Maneəsiz keçidin təmin edilməsi öhdəliyinin yerinə yetirilməsi tələb olunur. Rəsmi İrəvan Laçın dəhlizinə hücumla həmin prosesi pozmağa və postun ləğv edilməsinə çalışır”.
Politoloqun sözlərinə görə, bu kimi addımlar masada gündəliyə çıxarılan məsələlərin dəyişməsi, öhdəliklərin arxa plana keçirilməsinə də hesablanıb: “Sırf Zəngəzur dəhlizi məsələsindən yanaşdıqda burada Ermənistanla yanaşı İranın da maraqları var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən sonra verdiyi açıqlamada Zəngəzur dəhlizi ilə bağlı problemin Ermənistandan daha çox İran ilə bağlı olmasını qeyd etməsi təsadüf deyildi. Bu da Rusiyaya ünvanlanmış mesaj idi. Burada maraqlı olan digər məsələ isə Zəngəzur dəhlizi istiqamətindəki təxribatlar Rusiyanın maraqlarına uyğun olmadığı halda, Laçın dəhlizi istiqamətindəki təxribatlar rəsmi Moskvanın maraqlarına tam uyğun görünür. Çünki postun bağlanması erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələsini bir qədər arxaya ata bilər. Burada çoxtərəfli oyun gedir “.
A.Nərimanlı qeyd edir ki, Ermənistan bu günə qədər Laçın dəhlizindəki postun bağlanması üçün beynəlxalq səviyyədə kampaniya aparır, erməni əhalisinin guya Azərbaycan tərəfindən “blokadada” saxlanılması ilə bağlı fikirlər səsləndirir:
“Lakin ölkəmizin həmin postdan sərbəst keçidi təmin etməsi bu iddiaları alt-üst edir. Ona görə də sanki belə bir təxribatla postun bağlanmasına çalışdılar. Azərbaycan bu gün Laçın postunu bağlayıb. Bunun müsbət və mənfi tərəfləri ola bilər. Mənfi tərəfi odur ki, Ermənistanın beynəlxalq müstəvidə erməni əhalisinə “humanitar fəlakət “yaradılması ilə bağlı daha intensiv çıxışlar etməsinə səbəb olacaq. Bundan arqument kimi istifadə edəcəklər. Əvvəlki dövrlərə nisbətən Azərbaycanın beynəlxalq səviyyədə əlinin güclü olması müsbət haldır. Ölkəmizin əsas arqumenti isə “Qarabağ Azərbaycanın tərkib hissəsidir və burada baş verən hadisələr daxili işimizdir” kimi yanaşma ortaya qoymasıdır. Bundan sonrakı prosesdə isə ermənilərin təminat məsələsi gündəminə gələcək “.
//Safura Bənnayeva, Editor.az

