“Laçın yolunda baş verən proseslər Azərbaycanın daxili işidir. Nə ATƏT, nə də Avropa İttifaqından gələn nümayəndələr və ya digəriləri heç bir söz deyə bilməz. Bu Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış əraziləri daxilində Azərbaycan vətəndaşlarının qanuni hüququdur. Heç bir ölkədən icazə almağa ehtiyac yoxdur, sadəcə hakimiyyət orqanlarından, Şuşa rəhbərliyindən icazə alına bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı bildirib.
Onun sözlərinə görə,erməni mediası və rəhbərliyi bu hadisələri Azərbaycanın guya vəziyyəti gərginləşdirməyə çalışmaq, sülhü pozaraq müharibəni alovlandırmaq cəhdi kimi rəy yaradırlar:
“ Amma Azərbaycan istənilən an öz ərazilərində antiterror əməliyyatı apara bilər. Rəsmi Bakı 10 noyabr bəyanatının bütün bəndlərinə əməl edib. Lakin Ermənistan bu şərtlərin heç birini yerinə yetirməyib. Bu məsələyə görə Azərbaycan istənilən an 10 noyabr bəyanatına etiraz edə bilər. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin Laçın yolunda azərbaycanlıların etdiyi aksiyalara heç bir aidiyyəti yoxdur. Xankəndi, Xocavənd, Xocalının Ermənistana nə aidiyyəti var?! Bu Azərbaycanın daxili işidir. Həmin ərazilərdə bu özbaşınalıq halları davam edərsə, Azərbaycanın Xüsusi təyinatlıları həmin ərazilərdə antiterror əməliyyatı keçirməklə öz ərazilərini terrorçulardan təmizləyəcəklər”.
Tural Abbaslının fikrincə, bu məsələdə biz beynəlxalq aləmin hansı qənaətə gələcəyini düşünməməliyik:
“ Onlar zatən ikili siyasətlə çıxış edirlər. 30 il müddətində ölkəmiz işğalda qalıb, talanıb, şəhərlər yerlə yeksan edilib. Kəndlər, məscidlər yer üzündən silinib və bununla bağlı hər hansı təşkilat, dövlət səs belə çıxartmayıb. Amma bu gün hamısı birdən-birə sonradan tikilmiş erməni abidələrinin taleyindən narahat olurlar. Azərbaycanın tutduğu yol haqlıdır və biz də bunu dəstəkləyirik. Rus sülhməramlıların bu formada fəaliyyəti qanunsuzdur. Öhdəliklərinə götürdükləri heç bir qaydaya əməl etmirlər. Volkovun özü də etiraf etdi ki, Laçın dəhlizinə nəzarət edə bilmək üçün bizim xüsusi texnikamız yoxdur. Oraya silah-sursat daşınır, beynəlxalq terror təşkilatının üzvləri orada cəmləşir. Bu da gələcəkdə Azərbaycanın təhlükəsizliyi, suverenliyi üçün təhdiddir. Azərbaycan bunun qarşını almaq üçün müəyyən addımlar atır. Rusiya kontingenti azərbaycanlıları öz ərazilərinə buraxmamaqla “erməniməramlı” mövqe nümayiş etdirirlər. Ona görə də Azərbaycan sülhməramlılardan regionu tərk etməyi tələb etməlidirlər.
Azərbaycan müstəqil dövlətdir. İstəmədiyi heç bir qüvvə ərazilərdə ola bilməz. Bunu bütün dünya, beynəlxalq təşkilatlarda bilmədir ki, Qarabağ Azərbaycandır!”
//Safura Bənnayeva, Editor.az

