“Təbii ki, Laçında baş tutan o möhtəşəm toplantı beynəlxalq dairələri, xüsusilə, anti-türkçü dairələri narahat etməyə bilməzdi. Bir sözlə hər üç qardaş ölkənin düşmənlərinin yuxusu ərşə çəkilib. Cənub və şimal qonşumuzun bu üçlü zirvə görüşündən dərin narahatlıq hiss keçirəcəyi əvvəlcədən gözlənilən idi. Çünki Rusiya və İran regionda hansısa bir gücün təsir dairəsinin artmasının, yeni bir birliyin yaranmasının qarşısında bir çəpərdir”.
Bu fikirləri Editor.az-a AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı deyib.
Siyasi analitik bildirib ki, ABŞ-ın bu regionda təsir dairəsini artırmaq istəyi heç kəsə sirr deyil:
“Hətta xarici siyasətində atdığı bəzi addımlarda Birləşmiş Ştatlar bunu gizlətmir. Amma ABŞ və Rusiya bir məsələdə tam arxayındır. Hər iki supergüc əmindir ki, Azərbaycan daim xarici siyasət kursuna tam sadiqdir. Yəni hər hansı bir tərəfə rəsmi Bakının üz tutmayacağına, eyni zamanda, etibarlı tərəfdaş olduqlarına inanırlar. Amma bununla belə təbii ki, region ölkələri, eyni zamanda, son döyüşlərdə Pakistan ordusu tərəfindən darmadağın edilən Hindistan Pakistanın Laçında iki qardaş türk ölkəsi ilə bir araya gəlməsinə seyrçi qala da bilməz. Amma nə edə bilər? Əlindən sadəcə bir iş gələ bilər, o da Ermənistanı silahlandırmağa davam edə bilərlər. O da etsinlər. Bundan qəti narahat deyilik. Çünki onlarla yanaşı biz 4-5 qat ermənilərdən artıq silahlanırıq, dünyanın ən müasir silahlar istehsal edən ölkələrindən silahları əldə edirik. Hindistan silahlarının isə, son Pakistanla savaşda etibarlı olmadığına bütün dünya şahidlik etdi. Artıq heç bir güc Azərbaycana təzyiq edə bilməz, ölkəmizlə təzyiq dili ilə danışa bilməz. Bunu Ali Baş Komandan dəfələrlə bəyan edib. Azərbaycanla təzyiq dili ilə danışanlar ancaq itirə bilər”.
C.Abbaslı region ölkələrindən Azərbaycana heç bir təzyiqlərin gəlməyəcəyinə əmindir:
“Rusiyanın hazırda qardaş Türkiyə ilə çox yaxın münasibətləri mövcuddur. Başı Ukrayna savaşını bitirməyə qarışıb. Belə bir vəziyyətdə Laçındakı görüşün əsas tərəflərindən biri sayılan Türkiyəyə, yaxud Cənubi Qafqazın lider ölkəsi Azərbaycana təzyiq etməyə çalışacaq? Bu əsla ola bilməz. Rusiyaya indiki şəraitdə etibarlı tərəfdaş itirmək lazım deyil, etibarlı tərəfdaş qazanmaq lazımdır. İranla da son günlərdə Azərbaycanın münasibətlərində yaxınlaşma müşahidə olunur. Hər halda rəsmi Bakının israrla irəli sürdüyü bir tələb-terrorçunun edamı həyata keçirildi. Digər tərəfdən cənub qonşumuz Qərbdən gələn ciddi təzyiqlərlə üz-üzədir. Belə bir durumda İran da Türkiyə və Azərbaycanla münasibətləri soyuqlaşdırmaq istəməz. Qərb dünyası bu regiona soxulmaq gücündə deyil, yaxud da region ölkələrinə təzyiqlər yolu ilə nəsə etmək imkanına malik deyil. Bu şanslara malik olsaydı, indiyə qədər ki, təzyiqləri nəticə verərdi. Onun üçün də narahat olmağa dəyməz. Hindistan isə, heç cür yaxından-uzaqdan ölkəmizə təzyiq etmək imkanlardan çox-çox uzaqda qalıb. Xüsusilə, Pakistanın tərəfindən burnu “ovulandan” sonra hələ öznünə gəlməklə məşğuldur…”.
//Gülnarə Abasova, Editor.az