Laçında sərhəd məntəqəsi quruldu: Qarabağlı ermənilərin iki seçimi varbackend

Laçında sərhəd məntəqəsi quruldu: Qarabağlı ermənilərin iki seçimi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub”.

Azərbaycanın açıqladığı bu rəsmi xəbər 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda bərqərarp olmuş geosiyasi reallıqların obyektiv şəkildə, konstruktiv olaraq dəyişməyə davam etjiyini göstərir.

“Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb. Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Beləliklə, Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycanla Ermənistan arasında yeni inşa olunmuş körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi inşa olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır.

Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurduğundan Azərbaycan da adekvat addım atmalı idi.

Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da məlumat verilib.

Məntəqənin qurulmasından sonra sonrakı mərhələdə Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətinin təklifini qəbul edərək reinteqrasiya məsələləri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, yerli erməni əhalisinin həyat tərzi bir o qədər yaxşılaşar. Rusiya Sülhməramlı Kontingenti bu prosesə maneə olmamalı, sabitliyin qorunmasına xidmət etməlidir.

Qeyd edək ki, ötən ilin dekabrın 12-dən etibarən etiraz aksiyasının başlanması ilə Xankəndi-Laçın yolunda nəzarət de-fakto Azərbaycan tərəfdən həyata keçirilirdi.

10 noyabr 2020-ci il Üçtərəfli bəyanatının müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri yoldan hərbi məqsədlər, o cümlədən minaların daşınması üçün istifadə edirdilər. Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla daşınırdı. Bu səbəbdən hazırda sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradıldı.

Xankəndi-Laçın yolunda 133 günlük etiraz aksiyası dövründə Ermənistan tərəfindən mina terroru və diversiyalalar mütəmadi olaraq törədilib. Ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, guya humanitar fəlakət yaradılır. Ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr ola bilərdi. Vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün qəbuledilməz idi.

Dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Beynəlxalq ictimaiyyət bu hüququn ifadəsinə hörmətlə yanaşır.

Xankəndindəki separatçı rejim təlaşa və isterikaya qapılaraq dərhal açıqlama ilə çıxış edib.

Araik Arutyunyanın rəhbərlik etdiyi xunta 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistanıni imzaladıqları üçtərəfli bəyanatın “Moska tərəfinlən pozulduğunu” iddia edib.

Bu gün Xankəndində təcili toplanmış “Təhlükəsizlik Şurası” da bəyanat qəbul edərək “aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın sərhəd nəzarət-burazılış məntəqəsi yaratması qarabağlı ermənilərin birmənalı olaraq Azərbaycanın girovuna çevrilməsi deməkdir” kimi idiotik fikirlə çıxış edib.

“Qarabağlı ermənilərin üzləşdikləri təhlükəsizlik və humanitar problemlərin həlli üçün ən qısa zamanda effektiv addımların atılmasını gözləyirik. Belə addımdar atılmazsa biz bundan sonra nə etmək gərəkdiyini düşünməli olacağıq”, – bəyanatda deyilir.

Göründüyü kimi, Xankəndindəki rejim aşkar aqressiv tonu seçərək ultimativ bəyanat tirajlayıb və Rusiyanın Sülhməramlı Kontingentini hədələyib.

Əslində, nə baş verib?

Azərbaycanın çoxsaylı bəyanatları və xəbərdarlıqlarına rəğmən, 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Ermənistan fasiləsiz olaraq anlaşmaları pozur. Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarət arealında olan ərazilərə Ermənistan silah-sursat, amunisiya, hərbi texnika və canlı qüvvə yollamağa davam edir.

Minalar da göndərilir və dünən Azərbaycan Ordusunun üç hərbçisi elə Ermənistandan Xankəndinə göndərilmiş minalara düşüblər.

Şərti dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin (NBM) inşasına qoyulmasına gəldikdə isə, ilk addımı məhz Ermənistoan atıb və məhz Ermənistan həmin məkanda NBM quraşdırmışdı.

Azərbaycanın quraşdırdığı NBM isə ermənilərə – söhbət dinc və normal ermənilərdən gedir – maneələr yaratmayacaq. Eyni zamanda, onu da vurğulayaq ki, 30 illik işğal dövründə yurd-yuvalarından didərgin salınmış Laçın sakinləri də geri dönəcəklər.

Belə şəraitdə, qayıdışın başlandığı dövrdə Ermənistanın qarabağlı separatçıları fasiləsiz silah və canlı qüvvə ilə təmin etməsinə Bakı əsla göz yuma bilməz.

Paradosal durum budur ki, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının qorunması üçün bütün beynəlxalq təşkilatlara, Qərbə, habelə Rusiyaya aramsız müraciətlər edən Ermənistan son 30 ildə və indi Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanınımaqla yanaşı, ümumiyyətlə, heçə sayır.

Azərbaycanın NBM inşa etməsi məcburi addımdır və heç bir beynəlxalq normativ-hüquqi aktları, o cümlədən Laçın-Xankəndi yolu ilə ermənilərin maneəsiz hərəkətini təmin edən Üçtərəfli Bəyanatın şərtlərini pozmur. Tam əksinə, NBM-in inşası hazırda RSK-nın nəzarətində olan ərazilərə Ermənistandan qanunsuz olaraq silah-sursat və canlı qüvvənin daşınmasının qarşısını alacaq, Ordumuza və vətəndaşlarımıza qarşı erməni separatçılarının silahlı təxribatlarla diversiyalarının sayını azaldacaq.

NBM inşa etməklə rəsmi Bakı faktiki olaraq vətəndaşlarımızın təhlükəsizliyinin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirib.

Mülki ermənilər Laçın-Xankəndi yolundan hər iki istiqamətdə rahat, asudə şəkildə istifadə edə bilərlər.

2020-ci ilin noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata gəldikdə isə, NBM-i quraşdırmaqla bu sənədin şərtlərinin yerinə yetiriməsini və RSK-nın Laçın yolundakı məsuliyyət zonasının dəqiqləşdirilməsi istiqamətində Bakı çox effektiv addım atıb.

Bu addım Rusiyanın maraqlarına tam cavab verir, çünki RSK yola daha ciddi nəzarət edə biləcək, çünki ötən ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda Azərbaycan vətən cəmiyyətinin və QHT sektorunun mənsublarının etiraz aksiyasının keçirilməsinin başlandığı gündən yola nəzarəti faktiki olaraq Bakı reallaşdırırdı.

Həmin nəzarət reallaşana qədər ermənilər yoldan sui-istifadə edirdilər. Məhz bunun sayəsində indi Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradılıb. Ermənistan tərəfindən bu qüvvələrin imkanları davamlı olaraq artırılır. Mina terroru və diversiyalalar mütəmadi törədilir.

Ermənistan hər bir vəchlə öz ərazi bütövlüyünü və suverenliyini qorumağa çalışır. Eks-territorial yanaşmaların qəbul edilməz olduğunu bildirir. Onda Ermənistan niyə Azərbaycan ərazisindən ölkəmizin suverenliyinə zidd olaraq istifadə etməlidir?

… Laçın-Xankəndi yolunda ekofəalların və QHT nümayəndələrinin aksiyası başlayan günün ertəsi ermənilər deziformativ, feyk təbliğata başladılar və onlar indi də iddia edirlər ki, guya “qarabağlı ermənilər humanitar fəlakət yaşayırlar”.

Şübhə yoxdur ki, NBM-in quraşdırılmasından sonra bu çirkin dezinformasiya axını daha da güclənəcək.

Fəqət, Ermənistan birdəfəlik anlamalıdır ki, silahığ erməni birləşmələrinə, terrorçu qruplara və diversant dəstələrə Azərbaycan ərazisində yer yoxdur.

Qarabağlı ermənilərə gəldikdə isə, onların seçimi sadədir: ya Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizə və cəmiyyətimizə reinteqrasiya olmalı, ya da ölkə ərazisini tərk etməlidirlər.

Qalmaq istəyənlər Azərbaycan Prezidenti Administrasiyasının hələ də qüvvədə olan təklifini qəbul edərək reinteqrasiya ilə bağlı məsələlərin müzakirəsinə başlamalıdırlar.

Çünki bu prosesi nə qədər tez başlarsa, qarabağlı ermənilər Xankəndindəki terrorçu xuntanın onları saldıqları girdabdan bir o qədər tez çıxacaq və normal yaşamağa başlayacaqlar.

Rusiyanın Sülhməramlı Kontingenti də erməni separatçılara dəstək olmaq əvəzinə, sülhün və stabilliyin bərqərar olmasına çalışmalıdırlar.

Ermənistanın baş naziri Nikol Paşinyan son bəyanatlarında fasiləsiz olaraq bəyan edir ki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb.

Ermənistan rəhbərliyi bu mövqedədirsə, Xankəndindəki xuntanın, erməni diasporunun və Ermənistandakı revanşist qüvvələrin bəyanatları sadəcə, boşboğazlıqdır.

Əksini düşünən və separatçılıqda inad edən qarabağlı ermənilər üçünsə yol açıqdır.

Elçin Alıoğlu / TREND