Laçında tutulan erməni əsgəri niyə geri qaytarıldı?backend

Laçında tutulan erməni əsgəri niyə geri qaytarıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 8-də Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb.

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan tərəfi bununla humanist davranışını növbəti dəfə nümayiş etdirib:

“Azərbaycan hər zaman humanist addım atıb. Hətta biz əsirlərin bəzilərini qarşı tərəfə heç bir şərt qoymadan geri qaytardıq. Bizim hədəfimiz ondan ibarətdir ki, regionda sülh olsun. Çünki artıq müharibə bizim üçün bitib, ərazi bütövlüyümüzü bərpa etmişik və Cənab Prezidentin rəhbərliyi ilə Qarabağa qayıdış proqramı həyata keçirilir.

Hal-hazırda hədəfimiz ondan ibarətdir ki, ermənilər də üçtərəfli sazişə sadiq qalsın və Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh sazişinə hazırlıq niyətini nümayiş etdirsin. Ancaq təəssüflər olsun ki, Azərbaycan ərazilərinə keçən, təxribata meyilli bəzi hərbçilər var. Onlar da biz tərəfdən əsir götürülüblər və cinayətləri sübut edilib. Lakin bizim aldığımız məlumata əsasən dünən bizim ərazimizə keçmiş hərbçinin hava şəraitinin pis olmasına görə bizim ərazilərimizə keçdiyi məlum oldu. Bu baxımdan da əgər belə bir fakt həqiqətdirsə, niyə də geri qaytarılmasın? Məncə, bu tam yerinə düşər. Vəziyyəti daha da gərginləşdirmək yaxud yenidən münaqişəni alovlandırmağa ehtiyac yoxdur”.

Millət vəkili qeyd edib ki, qarşı tərəf də bu addımdan nəticə çıxarmalı və regionda sülhün bərqərar olması üçün müəyyən addımlar atmalıdır:

“Bizim hədəfimiz və məqsədimiz sülhün bərqərar olması və regionda əlaqələrin inkişafıdır. Bu baxımdan mən düşünürəm ki, Azərbaycan növbəti dəfə öz humanist addımını atıb, ancaq qarşı tərəf də gərək bundan düzgün nəticə çıxarsın və təxribata yol verməsin. Çünki ermənilər terroristlərin bizim ərazimizə keçməsinə şərait yaradır, ərazilərimizdə müxtəlif təxribatlar törədirlər. İstənilən halda Azərbaycan ordusunun gücü yetir ki, bu təxribatların qarşısını alsın. Fikrimcə, ermənilər də artıq bunu anlamağa başlayıblar. Ermənistandakı seçkilərdən sonra hər halda Ermənistan rəhbərliyi daha ciddi və real addımlar ataraq sülhün daimi olması üçün töhvəverməyə cəhd edəcək”.

Loading...