“Laçındakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşarsa…”- Erməni mətbuatı yazır   backend

“Laçındakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşarsa…”- Erməni mətbuatı yazır  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhəri və Zabux kəndində qanunsuz yaşayan ermənilərin əmlakının ərazidən daşınması bir neçə gündür dövlət səviyyəsində təşkil olunub. Bunun üçün ayrılan avtomobillər bütün günü yük daşıyır. Bəzi ailələr əmlaklarını Qarabağın digər bölgəsinə, əksəriyyəti isə Ermənistana köçürür. Bunu Ermənistanın “Hraparak” qəzeti Laçındakı ermənilərin köç prosesi barədəki məqaləsində yazıb. Bildirilib ki, oradakı üç icmada yaşayan 350 nəfər əhalinin yalnız 10-15 faizi Qarabağda məskunlaşmaq arzusundadır, əksəriyyət Ermənistana köçmək istədiyini deyib.Qəzet yazır ki, Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilərin təxliyəsi Azərbaycan tərəfinin tələbi deyil, rəsmi Bakı həmin 350-yə yaxın erməninin sözügedən ərazilərdə yaşamağa davam etməsini  qəbul etməyə hazırdır:

“Amma bir şərtlə ki, onlar Azərbaycan vətəndaşı olmağı qəbul edirlər və Azərbaycan qanunlarına uyğun yaşayırlar”.

Nəşr bildirib ki, Laçındakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə razılaşarsa,  Xankəndidəki separatçı rejim və Ermənistan hakimiyyəti onların həyatı və təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımayacaq.

Bu sözləri Editor.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib ki,  Laçında və Zabuxda yaşayan ermənilər Azərbaycan torpaqlarının işğal altında olduğu vaxtda dünyanın müxtəlif ölkələrində yaşayıblar:

“Onlar Qarabağa gətizdirilib və beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisində məskunlaşdırılıb. Artıq onlar 30 ilə yaxındır ki, qeyri-qanuni şəkildə torpaqlarımızda məskunlaşıblar. Heç kəsə sirr deyil ki, Ermənistanın Azərbaycan ərazisində məskunlaşdırdığı ermənilər digər ölkələrdə yaşayan ən kasıb ermənilərdir. Onların ev-eşiyini də erməni diasporu tikib. Hesab edirəm ki, 1989-cu ilə qədər Azərbaycan ərazisində qeydiyyatda olmayan heç bir erməniyə Azərbaycan vətəndaşlığı verilməməlidir. Gəlmə ermənilər gəldikləri yerə geri qayıtmalıdır.Suriyadan və digər ölkələrdən gətirilmiş terrorçu dəstələr və ermənilər məskunlaşdırılıb. Azərbaycan bu məsələdə qəti mövqe nümayiş etdirməli, onlar dərhal ərazilərimizdən çıxarılmalıdır. Bundan sonra Azərbaycan öz ordusunu günü-gündən gücləndirməli, Türkiyə timsalında dost, qardaş ölkələrə güvənməlidir. İndi yalnız Qarabağı yerdə qalan terrorçulardan təmizləməliyik”.

//Gülnarə Abasova, Editor.az