Laçından yan keçən alternativ yolun inşası nə vəd edir? – “Azərbaycan yeni yolun imkanlarından istifadə edərək…”- ŞƏRHbackend

Laçından yan keçən alternativ yolun inşası nə vəd edir? – “Azərbaycan yeni yolun imkanlarından istifadə edərək…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın şəhərindən yan keçen yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədə görə, Laçından yan keçən və Qarabağın dağlıq hissəsini Ermənistanla birləşdirən yeni yol üç il ərzində hazır olmalıdır. Açıqlamadan belə aydınlaşır ki, ən uzağı ilin sonunadək Laçın şəhərindən yan keçən yol istifadəyə veriləcək.  Yeni yolun sürətli tikintisi isə erməniləri artıq təşvişə salıb.

“Laçın dəhlizi”nə alternativ olan bu yol iki hərəkət zolaqlıdır.

Yol hazır olandan sonra Rusiya sülhməramlı kontingenti həmin marşruta yerləşdiriləcək.

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Editor.az-a bildirib ki, bu məsələnin bu gün diqqət mərkəzinə düşməsinin əsas səbəbi Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması ilə əlaqədar gedən müzakirələrdir:

” Məlum olduğu kimi Ermənistan Zəngəzur dəhlizinin açılmasına- daha doğrusu onun dəhliz kimi fəaliyyət göstərməsinə ciddi şəkildə etiraz edir. Hətta danışıqların nəticəyə çatmasını və sülh müqaviləsinin imzalanmasını belə Zəngəzur dəhlizi ilə əlaqələndirir. Onlar Naxçıvandan və Azərbaycandan Ermənistana keçəcək məntəqələrdə Ermənistanın gömrük , sərhəd və polis postlarının yerləşdirilməsini tələb edirlər. Orada beynəlxalq və dövlətlərarası hüququn tətbiq olunmasını şərt kimi irəli sürürlər. Bu barədə hətta Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel də bəyanat verib: 22 mayda Brüsseldə regionda əlaqələrin qurulması üçün  kommunikasiya məsələləri xüsusi olaraq müzakirə olunub. Bu xüsusdə tərəflər gələcək nəqliyyat infrastrukturu ilə əlaqədar qeyri-məqbul tələblərinin olmadığını bildirmişlər. Əksini iddia etmək anlaşılmazlıq doğurur. Deməli, Ermənistan ciddi-cəhdlə kommunikasiyaların açılması zamanı öz ərazi bütövlüyünün qorunmasını əsas gətirir. Yəni orada hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyalar dəhliz formasında fəaliyyət göstərsə, bu ərazi bütövlüyünə hədə hesab olunur. Belə olan halda niyə Azərbaycan öz ərazisindən digər ərazisinə keçmək üçün dəhliz formasından istifadə etməyə icazə verməlidir? Elə məhz Ermənistanın Zəngəzur dəhlizinin bu formada açılmasına qarşı çıxdığı üçün biz də Laçın dəhlizinin funksiyasını dəyişərək sadəcə yol statusuna endirməliyik. Bu, Ermənilərin dirənişinə qarşı ən layiqli cavabdır”.

Politoloq alternativ Laçın yolunun əhəmiyyətini də şərh edib:

“Hazırda ermənilər  Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Yolun başa çatmasına artıq sayılı günlər qalıb. Deməli biz Laçına gedərkən bu yolda ermənilərlə qarşılaşmayacağıq , amma ermənilər Xankəndinə gedərkən bizimlə bərabər olmaq məcburiyyətindədirlər. Çünki, bu yol həm də azərbaycanlıların yaşadığı kəndləri də birləşdirir. Rus sülhməramlılarına gəlincə, düşünürəm ki, Azərbaycan onların da müqavimətini qırmaq iqtidarındadır və bunu çox ustalıqla həyata keçirəcək. Digər tərəfdən Ermənistan Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına mane olarkən təkcə bizim deyil, Rusiyanın da istəklərinə qarşı çıxıb. Laçın dəhlizinin mühafizəsində Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ermənilərin bu hərəkətinə ən layiqli cavab olacaq. Ermənilərin gözlənilən təxribatının qarşısı vaxtında və özünəməxsus şəkildə alınacaq. Azərbaycan yeni yolun imkanlarından istifadə edərək oradakı qanunsuz silahlı birləşmələrin də sonuna çıxacaq”.

//Gülnarə Abasova, Editor.az