Laqeyd CƏMİYYƏT: Azyaşlının başına gələnlərdə əsl günahkar kimdir?backend

Laqeyd CƏMİYYƏT: Azyaşlının başına gələnlərdə əsl günahkar kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması xəbərləri ilə silkələnir. Xüsusilə ötən gün 11 yaşlı qızcığazın atası tərəfindən cinsi təcavüzə məruz qalaraq övlad dünyaya gətirməsi cəmiyyətdə ciddi şəkildə narazılığa və narahatlığa səbəb olub. Bir çoxları baş verən hadisədə günahı anada görür. Ayrılan valideynlərin yenidən ailə qurmasını, xüsusilə qız övladı sahibi analarının yenidən ailə qurmasını təndiq edənlər də var.

Bəs görəsən baş verənlərin əsl günahkarı kimdir? Necə edək ki, övladlarımızı qoruyaq və bu halların qarşısını ala bilək?

Mövzu ilə bağlı Editor.az-a danışan psixoloq Fərqanə Mehmanqızı düşünür ki, baş verənlərin səbəbkarı məsuliyyətsiz analardır:

“İlk öncə qatilin anası… Təcavüzkar da bir qatildir. İnsan sadəcə cismən yox mənən, ruhən də ölə bilir. Baş verən hadisədə azyaşlı bir qızın xəyalları, gələcəyi öldü. 11 yaşlı qızın qatilipsixoloji durumu yerində olmayan atalığıdır. Baş verənlərdə günahkar o atalığın valideynləridir ki, cəmiyyət üçün manyak, azğın, psixoloji durumu yerində olmayan, pedofil canlı yetişdiriblər”.

“Günahkar azyaşlının anasıdır…”

Psixoloqun sözlərinə görə, valideynlər, xüsusilə, övlad sahibi valideynlər ikinci dəfə ailə həyatı qurursa, daha diqqətli olmalıdır:

” Ana övladı ilə lazımı bağ qurmağı bacarmalıdır, övladına güvən hissini verə bilməlidir. Sözügedən hadisədə azyaşlının anası övladına yalnız qorxu, güvənsizlik, inamsızlıq bəxş edib. Halbuki valideynlə övlad arasında psixoloji alyans normal qurulsaydı, azyaşlı ilk güvəndiyi yer olaraq anasının yanına qaçıb hərşeyi ona danışardı. Düşünürəm ki,  bir neçə dəfə atalıq azyaşlıyla yaxınlıq edib, sonradan uşağa cinsi təcavüz edib. Maraqlısı budur ki, hərdəfə qız bunu ailəsindən gizlədib.   Biz hər zaman deyirik ki, övladlarınızla lap kiçik yaşlarından ünsiyyətə girin. Onların ən xırda problemləri, kiçik dərdləri ilə maraqlanın, onları dinləyin. Özlərini ifadə edə bilməsi üçün şərait yaradın. Bəlkə sizə kiçik gələn  problem onun üçün böyükdür, bəlkə demək istədiyi amma sizdən qorxduğu üçün deyə bilmədiyi hadisənin arxasında övladlarınızın gələcəyi üçün əhəmiyyətli məsələlər dayanır. Valideyn övladı ilə elə bir ünsiyyət yolu seçməlidir ki,  övladının ən kiçik narahatlığı olan zaman hiss etsin. Digər tərəfdən günahkar ana nə ailə qurduğu insanı, nə də öz övladını tanıya bilib. Valideyn övladını, övladına yaxın olan, ətrafında olan hər bir kəsi tanımalıdır, ən azından tanımağa çalışmalıdır”.

Laqeyd cəmiyyət…

Digər tərəfdən sual yaranır ki, bəs valideynləri tərəfindən tərk edilmiş və ya valideynləri dünyasını dəyişən uşaqlar nə etməlidir?

” Ona görə mən deyərdim ki, azyaşlının qatillərindən biri elə biz özümüzük,  11 yaşlı uşaqda dəyişiklikləri görməyən  cəmiyyətdir. Günahkar məktəbdir, azyaşlının yaxınlarıdır, kənd camaatıdır… Bəlkə anası da psixi xəstədir və ya anası  yoxdur?  Azyaşlıda baş verən dəyişikliklərə hərkəsmi kor oldu? Ətrafında olan insanlar necə görmədi?  Onda belə çıxır ki, ailəsi tərəfindən tərk edilən uşaq təcavüzə uğrayacaq və bunu ətrafında olan bir kəs belə görməyəcək? Ona görə təəssüf ki, baş verənlər cəmiyyətin ümumi faciəsidir”.

//Gülnarə Abasova, Editor.az