“Rusiya rəsmiləri rəsmi Moskvadan başqa hər hansı ölkənin vasitəçiliyini qəbul etməkdə çətinlik çəkirlər. Ümumiyyətlə buna qarşıdırlar”.
Bunu Editor.az-a politoloq Oqtay Qasımov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində çıxışı zamanı Qərbin Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək verməkdə səmimi olmamasını, eyni zamanda Azərbaycan və Ermənistanın, həmçinin hər iki xalqın maraqlarını balanslı şəkildə əks etdirmək şərti ilə digər beynəlxalq oyunçuların vasitəçilikdə özünü sınamasına rəsmi Moskvanın qarşı olmaması ilə bağlı fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Brüssel və Vaşinqton formatları ortaya çıxandan, eyni zamanda proses müəyyən qədər irəliləyəndən sonra rus rəsmiləri bundan kifayət qədər qıcıqlandıqlarını bildirən açıqlamalar verirlər:
“Ümumiyyətlə, vasitəçi tərəfsiz olmalıdır. Balansı gözləməli, beynəlxalq hüquqa uyğun davranış sərgiləməlidir. Lakin təəssüf ki, əksər vaxtlarda Rusiyanın davranışında bunu müşahidə edə bilmirik. Üçtərəfli bəyanatın məlum müddəalarının həyata keçirilməməsi birbaşa rəsmi Moskvanın rolu ilə bağlıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı olan məsələ,xüsusilə də həmin bəyannamənin 4-cü bəndində nəzərdə tutulan erməni silahlı birləşmələrinin Qarabağdan dərhal çıxarılmasının təmin edilməməsi də buna nümunədir”.
Politoloqun fikrincə, Sergey Lavrov açıqlamasında nə qədər balansın vacibliyini vurğulasa da vasitəçilikdə maraqlı tərəflərdən biri olan Rusiyanın həmin bunu qorumadığını açıq-aydın görürük:
“Rəsmi Moskva vasitəçilikdə öz maraqlarını önə çəkir. Münaqişə tərəflərinə daha çox öz maraqlarını yeritməyə çalışır, bu da prosesin irəliləməsinə mane olur.
Fransanın da iştirakı ilə baş tutacaq hər hansı formatda balansın qorunması mümkün olmayacaq. Birmənalı şəkildə antiAzərbaycan mövqeyindədir. Ermənistanı silahlandıran, sülh prosesinə mane olmağa təşviq edən əsas dövlətlərdən biridir. Moskva formatından daha konstruktiv görünən Qərb formatları var. Lakin onların da tam şəkildə obyektiv, qərəzsiz olduğunu söyləmək doğru deyil. Ümumilikdə isə həmin formatlarda prosesi irəliyə aparmaq cəhdləri var. Son Vaşinqton görüşündə də sülh prosesini müəyyən qədər irəliyə aparmaq mümkün oldu. Lakin Ermənistan öz havadarlarının da təhriki ilə sülh prosesini əngəlləməyə və vaxt uzatmağa çalışır”.
//Safura Bənnayeva, Editor.az

