Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva yalnız Rusiya qarşısında bütün öhdəliklərin yerinə yetirildiyi təqdirdə taxıl sazişinə qayıdacaq.
Editor.az xəbər verir ki, bu barədə Lavrov Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Sammiti çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşü zamanı deyib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Lavrov Quterreşin taxıl müqaviləsinin yenidən qüvvəyə minməsinin mümkünlüyü ilə bağlı sualına cavab olaraq Rusiyanın mövqeyini bir daha təkrarlayıb.
Qeyd edək ki, Qərbin Rusiya ilə taxıl müqaviləsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən Moskva iyulun 18-də müddəti başa çatan müqaviləni bir daha uzatmamaq qərarına gəldiyini açıqlayıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski Qərbin 7 şərti yerinə yetirəcəyi təqdirdə Moskvanın taxıl sazişinə qayıdacağını bildirib.
//Gülnarə Abasova, Editor.az