Lavrov regiona niyə səfər edir?-Siyasi şərhçi maraqlı məqamları açıqladıbackend

Lavrov regiona niyə səfər edir?-Siyasi şərhçi maraqlı məqamları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Ermənistan artıq müstəqil dövlət atributlarını itirmək üzrədir. Ona görə də Sergey Lavrovun İrəvəna səfərini Rusiyanın bir bölgəsinə səfəri kimi qiymətləndirmək olar’’.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun mayın ayında Azərbaycana və Ermənistana edəcəyi səfərlə bağlı fikirlərini söyləyən tarix elmləri doktoru, politoloq Anar Əliyev deyib.

Politoloqun bildirib ki,  44 günlük Vətən müharibəsi dövründə Rusiya  bir çox hallarda ədalətə yaxın mövqe sərgilədi və Ermənistanın bütün cəhdlərinə baxmayaraq münaqişəyə müdaxilə etmədi: ‘’Azərbaycan regionda böyük söz sahibinə çevrildi, yeni reallıqlar yaratdı. Azərbaycan dövləti Azərbaycan xalqının maraqları çərçivəsində siyasət yürüdən Rusiya ilə bərabər hüquqlara malik güclü bir dövlət kimi çıxış edir. Sergey Lavrovun Bakıya səfəri Ermənistana səfərindən fərqli olaraq müstəqil güclü bir dövlətə səfəri kimi qiymətləndirilməlidir’’.

Onun sözlərinə görə, bu səfərlərin arxasında bir sıra məqqamlar var: ‘’Bilirsiniz ki, ABŞ dövlət katibi Blinken bu günlərdə Azərbaycan prezidenti cənab İlham Əliyevə telefon açaraq Qarabağda mövcud vəziyyəti, Azərbaycan- Ermənistan arasında iqtisadi əlaqələri , kommunikasiya xətlərinin açılması, eyni zamanda Baydenin qondarma erməni soyqırımı termini işlətməsi ilə bağlı məsələləri müzakirə etdi. Bu fonda təbii ki, Amerikanın Azərbaycanı özünün mühüm müttəfiqlərindən hesab etməsi Rusiya tərəfindən narahatlıqla qarşılanıb. Lavrovun səfərlərinin əsas məqsədlərindən biri də qərbi Avropa dövlətlərinin Rusiyaya qarşı başlatdığı ciddi mübarizədə region dövlətlərinin Rusiyanın yanında yer almasını dəqiqləşdirməkdir’’.

Anar Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Rusiya tərəfindən bir çox istiqamətlərdə beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan müəmmalı addımlarına aydınlıq gətirməsi ilə bağlı tələblər irəli sürüb: ‘’Hesab edirəm ki, bu görüşdə sülhməramlı qüvvələrin fəaliyyət istiqamətlərindən kənar davranışları, 10 noyabr bəyanatının 4-cü bəndində əksini tapan erməni silahlı birləşmələrinin tez bir zamanda bölgəni tərk etməsi kimi mühüm məsələlər müzakirə olunacaq. Eyni zamanda son zamanlar Rusiya KİV-lərində regionda sülhə mane olan fikirlərin geniş yer alması,  “İsgəndər-M” raketi ilə bağlı Azərbaycanın prinspial mövqeyi əsas müzakirə olunacaq məsələlər siyahısına aiddir. Bütün bu mövzular Cənab Prezident İlham Əliyevlə birbaşa müzakirə ediləcək və qaranlıq məsələlərə aydınlıq gətiriləcək”.

Şərhçi qeyd edib ki, digər mühüm məsələrdən biri də regionda həyata keçirilməli olan iqtisadi layihələrin müzakirəsidir: “11 yanvar bəyanatında Ermənistanın Baş naziri, Rusiya və Azərbaycan Prezidentlərinin birgə imzaladığı razılaşmaya əsasən qısa müddət ərzində layihələr hazırlanmalı, liderlərə təklif edilməlidir. Bu istiqamətdə gedən işlərdə də müəyyən problemlər özünü göstərir. Zəngəzur dəhlizi Azərbaycan- Türkiyə- Ermənistan üçün nə qədər əhəmiyyətlidirsə, Rusiya,  İran və qərbi Avropa dövlətləri üçün də bir o qədər mühümdür. Çünki Çindən başlayaraq qərbi Avropaya qədər uzanacaq bir xəttin yaranması məhz Zəngəzur dəhlizinin açılmasından aslıdır. Bu məsələ də əsas müzakirə mövzusu ola bilər’’.

Anar Əliyev əlavə edib ki, Lavrov Azərbaycana səfər etməklə Rusiya Prezidenti Vladimir Putinin fikirlərini də çatdırmış olacaq: ‘’ Rusiya hər zaman haqq- ədalətin yanındadır və Azərbaycanı özünə strateji mövqe hesab edir.  Rusiya Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini qəbul edir’’.

Editor.az, Gülnarə Abasova