“”Vaqner” qrupunun təsisçisi Yevgeni Priqojinin başlatdığı qiyam əslində Rusiyanın daxilində hesablanmış bir oyun idi”.
Bunu Editor.az-a politoloq Tural İsmayılov Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 30-da keçirdiyi brifinqdə “Vaqner” hərbi şirkətinin silahlı qiyamının Rusiyadakı sabitliyə təsir etmədiyi ilə bağlı açıqlamasında münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Vaqnerçilərlə Rusiya Müdafiə Nazirliyinin komandanlığı arasında böyük qarşıdurma var idi: “Rəsmi Moskvada hərbi-siyasi elitadakı qarşıdurma və xaos vəziyyətinin bu qədər açıq-aydın bildirilməsi prosesin məcradan çıxmasına səbəb oldu.
Bunun proqnozlaşdırılmamış və yaxud hesablanmamış xaos elementləri olduğunu hesab etmirəm. “Vaqner”-in Müdafiə Nazirliyinə qarşı açıq etirazı Yevgeni Priqojinin sıradan çıxarılmasına hədəflənmiş oldu. Y.Priqojinin və rəhbəri olduğu “Vaqner qrupunun” Rusiya kəşfiyyatına bağlı olduğunu nəzərə aldıqda bunun hansısa hərbi çevrilişlə nəticələnməsi də ağılabatan görünmürdü “.
Politoloqun fikrincə, bu qiyamda çox maraqlı nüanslar var idi: “Demək olar ki, itkilərin olmaması, Vaqnerçilərin qarşısının alınmaması prosesin daha çox düşünülmüş və idarə edilmiş olması ilə xarakterizə olunur. Hər halda istənilən hərbi qiyam hakimiyyətlərin devrilməsi ilə nəticələnə bilir. Bu klassik elmi reallıqlardan biridir. Amma Rusiyadakı hadisələr idarə edilən olduğu üçün hansısa formada hakimiyyət dəyişikliyi ilə və yaxud da Putinin devrilməsi ilə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi “.
//Safura Bənnayeva, Editor.az

