Milli Məclisin deputatı Cavanşir Paşazadənin Editor.az-a müsahibəsi
– Cavanşir bəy, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Azərbaycan-Ermənistan münasibətləri və sülh müqaviləsi ilə bağlı müsbət açıqlamalar verib. Eyni zamanda, Avropa Birliyinin Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsirinin olmayacağını da dilə gətirərək İrəvanı ərazisində bu missiyanı yerləşdirdiyi üçün təqsirkar kimi göstərib. Lavrovun Bakı səfəri ölkəmiz üçün nə vəd verir?
-Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana 3 günlük səfəri əvvəlki gəlişlərindən bir qədər fərqlidir. Belə ki, əvvəlcə Azərbaycana səfər edib, ardınca Ermənistana səfər edirdi. Lakin bu dəfə belə addımın şahidi olmadıq. Bu da özü-özlüyündə bölgədə sabitliyin, geniş iqtisadi imkanların və Azərbaycan dövlət başçısının apardığı düzgün siyasətin nəticəsidir. Birinci növbədə bu hal Azərbaycan və Ermənistan arasında mövcud konfliktlərə son verilməsinə böyük təkan verir. Lavrov Avropa ilə bağlı çıxışında da Fransanı nəzərdə tutur. Fransanın Ermənistanı dəstəkləməsi, düzgün yol göstərməməsi, daxilində qeyri-sabitlik yaratmağa çalışması rəsmi Parisin bölgədə sabitliyi pozmaq niyyətindən xəbər verir. Rusiya xarici işlər nazirinin verdiyi açıqlamalarda çox böyük vədlər var.Azərbaycan regionda güclü bir dövlət kimi tanınır. Artıq Rusiya siyasəti də bunu qəbul edir. Düşünürəm ki, yaxın gələcəkdə 44 günlük Zəfərimizdən sonra qəbul edilən reallıqla hamı barışacaq və öhdəliklər həyata keçiriləcək.
– Lavrov nə qədər ölkəmizlə dostluq, əməkdaşlıq çərçivəsindən çıxış etdiklərini vurğulasa da Laçın yoluna nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı verdiyi açıqlamalarında bu özünü göstərmir. Belə ki, çıxışlarında 10 noyabr bəyannaməsinə əsaslanır. Axı bu günə qədər Ermənistan və Rusiya sözü gedən bəyannamənin şərtlərinə tam əməl etmədikləri halda çətinə düşəndə niyə ona “əsaslanırlar”?
– Bu, Rusiya sülhməramlılarının həmin ərazilərdə olması və digər səbəblərə görə hələ də onlar üçün həllini tapmayan məsələdir. Əgər Ermənistandan rus hərbiçilərinin və Qarabağdan rus sülhməramlılarının çıxarılması halı baş tutarsa, bu Ermənistanla müqavilələrin pozulması deməkdir. Məlum məsələdir ki, erməni müxalifətçiləri də Rusiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirirlər. Bu səbəbdən də onlar 10 noyabr bəyannaməsini əsas gətirirlər.
-Cavanşir bəy, Sergey Lavrovun gündəmə gətirdiyi digər məsələ isə Azərbaycanın qərbi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması məsələsidir. Buna münasibətiniz necədir?
– Lavrovun çıxışında yalnız Naxçıvan yolunun açılması deyil bir neçə fikirlər də səsləndirilib. Təbii ki, bu məsələ də oraya daxildir. Düşünürəm ki, Lavrovun 3 günlük səfəri bildiyimiz və bilmədiyimiz bir sıra qaranlıq məqamların da danışıqlar, sülh yolu ilə həllini tapması üçün şərait yaradacaq.
//Safura Bənnayeva, Editor.az