“Lavrovun bu açıqlaması Vladimir Putinin imzasına hörmətsizlikdir”-ŞƏRHbackend

“Lavrovun bu açıqlaması Vladimir Putinin imzasına hörmətsizlikdir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan görüşlər çərçivəsində Lavrovun verdiyi açıqlamalarda ifadə etdiyi fikirlər fərqli mənzərəni göstərdiyi halda Ermənistanla növbəti görüşdə təxribat xarakterli çıxışların edilməsi təəssüf doğuran məqamdır.”.

Bu fikirləri Editor.az-a Hüquqi və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı ilə görüşü zamanı Qarabağı Donbasla eyniləşdirməsi fikrinə münasibət bildirərkən qeyd edib.

“Əgər Sergey Lavrov öz fəaliyyətində, səsləndirdiyi fikirlərdə ciddidirsə və prezident Vladimir Putinin imzasına hörmətlə yanaşırsa bu kimi ifadələri işlətməməli idi. Çünki İkinci Qarabağ müharibəsində Vladimir Putin bu məsələnin KTMT-nin mövzusu olmaması ilə bağlı mövqe bildirmiş və döyüşlərin Azərbaycan ərazisində getdiyini qeyd etmişdi. Ermənistanın isə sözügedən münaqişəyə KTMT-ni daxil etmək istəyini qınamışdı”,- deyə politoloq bildirib.

Politoloqun fikrincə,  hadisələrə bu kontekstdən yanaşan və Qarabağı Azərbaycan ərazisi kimi tanıyan dövlətin XİN rəhbəri kimi hallara yol verməməlidir:

“Bunlar sülh prosesinə təhdid yaradan fikirlərdir. Eyni zamanda, regionda sabitliyin bərqərar olmadığını göstərir. Rusiya regionda sülhməramlı missiyanı öz üzərinə götürübsə, Ermənistanı təxribat əməllərindən çəkindirmək məqsədilə fəaliyyət göstərməlidir”.
 
//Safura Bənnayeva, Editor.az