“Le Monde” azərbaycanlı köçkünlərin doğma torpaqlarına qayıtmaq arzularından yazırbackend

“Le Monde” azərbaycanlı köçkünlərin doğma torpaqlarına qayıtmaq arzularından yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın məşhur “Le Monde” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq arzularından bəhs edən məqalə dərc edilib.

Editor.az Trend-ə istinadən bildirir ki, məqalədə erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaları ilə bağlı fikirləri yer alıb.

Qeyd edilir ki, məcburi köçkünlər 26 il ərzində öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onların Azərbaycan Prezidenti İlham Əliyevin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış şəhər və kəndləri yenidən bərpa etdirəcəyinə inandıqları bildirilir.

“Prezidentimiz hər şeyi yenidən quracaq və biz qayıdacağıq”, – deyə 78 yaşlı Ülkər Allahverdiyeva qeyd edir. O, daha sonra deyir: “Hökumətimizə etibar etmişəm və bu gün də etibar edirəm. Qələbəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik və torpaqlarımıza qayıtmağımızı gözləyirik”.

Məqalədə bildirilir ki, işğal altında olan ərazilərinin azad edilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub. Xalq daim doğma yurduna qayıtmaq arzusu ilə yaşayıb. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın və onun ətrafında yerləşən, yalnız azərbaycanlıların yaşadıqları yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, aparılan etnik təmizləmə nəticəsində 600 mindən çox azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Məqalədə Qarabağdan didərgin düşmüş Allahverdiyevlər ailəsi başlarına gələn faciələrdən də bəhs edirlər. Onlar erməni silahlı qüvvələrinin axşam saatlarında kəndlərinə daxil olduğunu, evləri tanklardan atəşə tutduğunu, insanların ayaqyalın günlərlə çöllərdən keçərək qurtulmağa çalışdıqlarını xatırlayırlar.

“Biz, sadəcə, maşına minməyə vaxt tapdıq. Əşyalarımızı, pasportlarımızı götürməyə belə vaxtımız olmadı. Sadəcə, evimin qapısını açarla bağladığımı xatırlayıram. Qaçan zaman avtomobilimiz işləmədi, üç gün piyada getməli olduq. Qarabağda yüzlərlə azərbaycanlının yaşadığı kəndlər kimi, bizim Horovlu kəndimiz də tamamilə dağıdıldı”, – deyə Ülkər Allahverdiyeva bildirir. O, əlindəki şəkli göstərərək deyir: “Bunlar mənim həyat yoldaşım, oğlum və qardaşım oğludur. Döyüşüb şəhid olublar”.

“Hər kəs o torpaqlara qayıdıb iş tapacaq, biz oralarda yeni həyat qurmaq istəyirik”. Bu sözləri isə Ülkər Allahverdiyevanın qızı Mehriban Quliyeva 2016-cı ildə hökumətin yenidən qurduğu Cocuq Marcanlı kəndini misal gətirərək deyir.

Ülkər Allahverdiyevanın tibb texnikumunda təhsil alan 25 yaşlı nəvəsi Günay isə deyir: “Bakını sevirəm, amma mən tibb bacısı işləyəcəyim Horovluya gedəcəyəm”.

Ermənilərin işğal etdikləri kəndlərdə qəbiristanlıqları dağıtmalarına qəzəblənən Rəhman isə bunları deyir: “Onlar mənim atamın cəsədini qazıb çıxarıblar. Qəbir daşlarını sındırdıqları bir yana qalsın, qəbirləri buldozerlə qazmağa və cəsədlərin qalıqlarını çıxarmağa nə ehtiyac var idi?!”. Bu xəbəri Rəhmana onun qardaşının Azərbaycan Ordusunda xidmət edən əsgər oğlu verib. O, Horovluya gedib və kəndin hazırkı vəziyyətini əmisinə təsvir edib.

Rəhman ruhdan düşmədiyini, kəndə qayıdıb orada vaxtilə tikdirdiyi ikimərtəbəli evi yenidən tikdirmək arzusunda olduğunu bildirir.

Onun qonşusu Elçin Hüseynov da ermənilərin bu hərəkətindən qəzəblənir: “Ermənilər otuz ildir torpaqlarımızı talan etdilər. İndi gedəndə evləri yandırırlar. Onlar məhv etdikləri hər şeyə görə cavab verməlidirlər”.

Yazıda o da qeyd edilir ki, Qarabağda ərazilərin böyük hissəsi minalanıb və təhlükəsiz yaşamaq üçün əvvəlcə bu ərazilər minalardan təmizlənməlidir.