Lerikdə yeni icra başçısı “köhnə komanda” ilə üz-üzəbackend

Lerikdə yeni icra başçısı “köhnə komanda” ilə üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Iyulun 25-də Prezident İlham Əliyev Əkbər Abbasovu Lerik rayonuna yeni icra başçısı təyin edib. Lerik rayonu 2021-ci ilin aprelin 29-dan icra başçısız qalmışdı. Yəni ölkə başçısının 2 aprel 2007-ci il tarixli sərəncamı ilə Lerikə icra başçısı gətirilən Rövşən Bağırov artıq bu vəzifədən çıxarılaraq Ağsu rayonuna icra başçısı təyin edilmişdi.

Lerikə icra başçısı təyin olunan yeni icra başçısı Əkbər Abbasov isə bu təyinatadək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışırdı. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alan Əkbər Abbasovun Lerikə icra başçısı təyin olunması sosial mediada da geniş müzakirə olunmuşdu. Sosial şəbəkədə yazanların bir çoxu düşünürdü ki, London təhsilli icra başçısı Lerikdə ciddi islahatlar aparacaq. Onlar iddia edirdilər ki, Abbasov Leriki anarxiya və özbaşınalığa sürükləyən Rövşən Bağırovdan qalma köhnə komandadan təmziləyəcək. Bununla da, ağır güzəran və maddi şərtlər altında yaşayan, dözülməz həyatın çətinliklərinə tab gətirməyib rayonu tərk edən əhaliyə dəstək olacaq. Deyəsən, artıq təsir əks təsirə çevrilir və “köhnə komanda” daha tez qabağa düşüb Abbasovu “zərərsizləşdirməyə”, onu əhali ilə üz-üzə qoymağa çalışır.

Məlumata görə, artıq əhali arasında Əkbər Abbasovun təcrübəsiz kadr olduğu barədə təbliğata da start veriblər. Bu kampaniyanın başında isə indiyədək bütün icra başçılarını əhali ilə üz-üzə qoymaqda məharət qazanmış müavin – Habil Məlikov durur. Məlikov özünü yerli, gəlmələri isə “gəmidə oturub gəmiçi ilə dava salan” kimi təqdim edir, tərübəsiz başçının uğuruz kadr olduğunu deyir, bununla da Əkbər Abbasovu yetkisiz hala gətirmək istəyir. O hətta köhnə qarşıdurma yaradan problemləri gündəmə gətirərək aktual problem kimi icra başçısına təqdim edir. Bununla da onu əhali və yerli məmurlarla qarşıdurmaya sürükləməyə çalışır. Məlikov düşünür ki, bununla da icra başçısının fəaliyyətini kadr islahatlarından yayındırmağa nail ola biləcək. “Habil Məlikov hər yerdə deyir ki, icra başçısı köməkçisini Bakıdan gətirib. Amma onun köməkçisi rayondan olmalı idi. Kənar adam rayonu tanımırsa, o, başçıya necə kömək edə bilər?” – deyə məlumatda bildirilir. Rayondan aldığımız məlumata görə, hətta Məlikovun dedikləri barədə icra başçısına müəyyən məlumatlar verilib. Görünən odur ki, icra başçısı hələ köhnə komanda ilə xeyli problemlər yaşayacaq. (Qlobal.az)