Liberal iqtisadiyyata keçidin ƏHƏMİYYƏTİ: Bu sahədə hansı çatışmazlıqlar özünü göstərir?backend

Liberal iqtisadiyyata keçidin ƏHƏMİYYƏTİ: Bu sahədə hansı çatışmazlıqlar özünü göstərir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azad ticarətin, sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sisteminin formalaşması qədim tarixə dayanır. İqtisadiyyatın liberallaşması bazar və bazar iştirakçılarını tam sərbəst buraxılmasını özündə əks etdirir. Sonrakı mərhələdə isə bazar özü-özünə tənzimlənir.Bu proses iqtisadi quruluşlara çox böyük töhfə verdiyi üçün dünya ölkələri iqtisadiyyatın liberallaşdırlması istiqamətində daha geniş addımlar atmağa cəhd etdilər. Azərbaycanda da bu müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması və digər istiqamətlərdə Azərbaycan iqtisadiyyatı müəyyən mənada özünü təsdiqləyib.

Maraqlıdır, bu gün liberal iqtisadiyyata keçidin əhəmiyyəti nədir? Bu sahədə hansı çatışmazlıqlar özünü göstərir?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, liberal iqtisadiyyatın klassik tərifi rəqabətli mühitdə, qanunun hamı tərəfindən əməl olunacağı vəziyyətdə bazar dəyərləri işləyən modelin qurulmasıdır:

“Buna qiymətli kağızlar, valyuta bazarı, mal və xidmətlərin maneəsiz dövriyyəsi də daxildir. Azərbaycanda liberal iqtisadiyyata keçid təmin olunsa da bu baş vermədi. Səbəbi isə çoxdur. Birinci növbədə Azərbaycanda dövlət iqtisadiyyatda ən əsas oyunçudur. Hər yerdə, iqtisadiyyatın istənilən sahəsində dövlət ön plandadır. Bu isə liberal bazar iqtisadiyyatı üçün ən böyük maneələrdən biridir. Bizdə normal özəlləşmə həyata keçirilmədi. İkinci səbəb rəqabətli mühitlə bağlıdır. Bu sahədə problemlər həllini tapmayıb. Bunun üçün əsas qanunverici baza normallaşdırlmalıdır. Digər tərəfdən isə məhkəmə sistemi azad fəaliyyət göstərməlidir. Bu, liberal iqtisadiyyatın hüquqi tərəfidir.
Mübahisələrin həllində məhkəmələrin rolu çox zəifdir və çox zaman məhkəmələr məmurlara bağlı şirkətlərin xeyirinə qərar verir. Azərbaycanda liberal iqtisadiyyata keçid üçün çox ciddi qanunvericilik bazası yaradılmalıdır. Rəqabətli mühitin təşkili üçün sistem dəyişikliyi və məhkəmə hakimiyyətinin gücləndirilməsinə ehtiyac var”.

Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.