Aprel ayının ilk günlərindən Litva Rusiyadan qaz idxalını tamamilə dayandırıb.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir. Litvanın Energetika Nazirliyindən bildirilib ki, aprelin əvvəlindən Litvanın qaz nəqli sistemi Rusiya Federasiyasından qaz idxal etməyib.
Bunu Amber Grid operatorunun məlumatları da təsdiqləyir: onların sözlərinə görə, aprelin 2-nə Belarus ərazisindən interkonnektor vasitəsilə Rusiya qazının Litvaya idxalı sıfıra bərabər olub. İndi Litvanın bütün qaz tələbatı Klaypedadakı LNG terminalı vasitəsilə ödənilir. Hesablamalara görə, bu kifayət etməlidir. Lakin lazım gələrsə Latviyadan, mayın 1-dən isə Polşa ilə birləşdirici konnektor vasitəsilə də qaz vurula bilər.
Energetika naziri Dainius Kreivis bunu Litvanın enerji müstəqilliyində dönüş nöqtəsi adlandırıb. “Biz Rusiya qazından tam şəkildə imtina edən ilk Aİ ölkəsiyik”, – o deyib. Litva Prezidenti Gitanas Nauseda isə bu hadisəni belə qiymətləndirib: “Bu aydan etibarən Litvada daha Rusiya qazı olmayacaq. İllər əvvəl mənim ölkəm qərarlar qəbul etmişdi və həmin qərarlar indi bizə təcavüzkarla enerji əlaqələrini ağrısız şəkildə kəsməyə imkan verir. Biz bacarsaq, Avropanın qalan hissəsi də bunu edə bilər”.
Editor.az

