“Reuters” və AFP şahidlərə istinadən xəbər verir ki, bir gün əvvəl öldürülən üç “Hizbullah” döyüşçüsünün dəfn olunduğu yerin yaxınlığında ən azı bir partlayış səsi eşidilib. “Əl-Cəzirə” müxbirinin verdiyi məlumata görə, Beyrutdakı “Hizbullah” qərargahı yaxınlığında da partlayış səsləri eşidilib.
AFP yazır ki, “Hizbullah”ın istifadə etdiyi portativ radiolar partlayıb. Beyrut yaxınlığında iki avtomobildə olan qurğular və Livan hərəkatının radiostansiyaları partlayıb. “An-Naxr” hadisə şahidlərinə istinadən evlərdə və cib telefonunun satış nöqtələrində noutbuklar, radiolar və skuterlər partlayıb.
“Axios” mənbələrə istinadən yazır ki, İsrail kəşfiyyat xidmətləri radiolara əvvəlcədən partlayıcı qurğular quraşdıraraq onları “Hizbullah”a göndərib. Nəşrin məlumatına görə, minlərlə belə radio partlayıb. “Nəhr” təhlükəsizlik mənbəsi bildirib ki, “Hizbullah” da təxminən beş ay əvvəl portativ stansiyalar alıb.
Qeyd edək ki, sentyabrın 17-də “Hizbullah”ın bir neçə ay əvvəl istifadə etməyə başladığı peycerlər Livanda yarım saat ərzində partlayıb. 2,8 mindən çox insan xəsarət alıb. Son məlumatlara görə, 12 nəfər həlak olub. “Hizbullah” cavab verməklə hədələyib. “Reuters” mənbələrinin məlumatına görə, İsrail kəşfiyyat xidməti Mossad “Hizbullah”ın Tayvandan gətirdiyi 5 min peycerə partlayıcı yerləşdirib.
//Samir Qurbanov, Editor.az