Beyrut yaxınlığında ABŞ-ın Livandakı səfirliyinə hücum edilib.
Editor.az bildirir ki, bu barədə Livan ordusu və Amerika diplomatik missiyasından bildiriblər. Mühafizəçi və hücum edənin özü, Suriya vətəndaşı yaralanıb.
ABŞ diplomatik missiyasının bəyanatında deyilir ki, hücum yerli vaxtla 8:34-də baş verib. Naməlum şəxs səfirliyin girişi yaxınlığında atıcı silahlardan istifadə edib. Diplomatik missiya qeyd edir ki, Livan ordusu təhlükəsizlik qüvvələri və səfirliyin mühafizəçilərinin “cəld reaksiyası sayəsində” bina və işçilər təhlükəsizdirlər.
Livan ordusu hərbçilərin hücumçuya atəş açdığını, onun saxlanılaraq xəstəxanaya göndərildiyini bildirib. “Reuters” agentliyinin mənbəsinin məlumatına görə, səfirliyin bir təhlükəsizlik işçisi yaralanıb. Səfirlik Beyrutun şimalında, bir neçə nəzarət-buraxılış məntəqəsi olan yüksək təhlükəsizlik zonasında yerləşir. Diplomatik missiya 1983-cü ildə 60-dan çox insanın ölümünə səbəb olan intihar hücumundan sonra oraya köçüb.
//Samir Qurbanov, Editor.az