Liviya sahillərində miqrantları daşıyan şişmə qayığın aşması nəticəsində iki körpə daxil olmaqla 53 nəfərin öldüyü və ya itkin düşdüyü bildirilib. Hadisə Orta Aralıq dənizi üzərindən keçən ölümcül miqrasiya marşrutunun nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyub.
Editor.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviya sahillərində baş verən son miqrant faciəsi ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, 55 nəfəri daşıyan şişmə qayığın aşması nəticəsində iki körpə də daxil olmaqla 53 qeyri-qanuni miqrant həyatını itirib və ya itkin düşüb.
Məlumata görə, qayıq cümə axşamı Zaviya şəhərindən dənizə açılıb, cümə günü isə Zuvvara sahilləri yaxınlığında batıb. Verilən məlumatların hadisədən sağ xilas olan miqrantların ifadələrinə əsaslandığı bildirilib.
IOM-un açıqlamasında qeyd olunub ki, Liviya hakimiyyətinin apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində yalnız iki Nigeriya vətəndaşı olan qadın xilas edilib. Xilas edilən qadınlardan birinin həyat yoldaşını, digərinin isə iki körpəsini dənizdə itirdiyi vurğulanıb.
Rəsmi qurumlar qayiqda olan digər şəxslərə hələ də rast gəlinmədiyini, bu səbəbdən ölən və itkin düşənlərin sayının yüksək olduğunu bildiriblər. Hadisədən sonra bölgədə axtarış işlərinin davam etdiyi, lakin ümidlərin getdikcə azaldığı qeyd edilib.
//Gülnarə Abasova, Editor.az

