Xəbər verdiyimiz kimi, “Daniel” qasırğası Liviyanın şimal-şərqində dağıdıcı daşqınlara səbəb olub. Ölənlərin sayı artıq 3 mini keçib. Beynəlxalq müdaxilə lazımdır”.
Editor.az xəbər verir ki, bu sözləri Liviyanın səhiyə naziri Osman Abdel Cəlil “Al Masar” telekanalına müsahibəsində deyib. Səhiyyə naziri ölənlərin sayının 10 mini keçəcəyini, itkin düşənlərin sayının isə 100 minə çatacağını gözləyir.
Fəlakətdən n ən çox zərər çəkən Derna şəhərində vəziyyət tədricən faciəvi xarakter alır və qurbanların sayı ilə bağlı yekun statistika yoxdur. Cəlil “dost ölkələri dağlıq ərazilərdə Dernanın qalıqlarını xilas etməyə kömək etməyə” çağırıb. Liviyanın BMT tərəfindən tanınan hökuməti ölənlərin sayını açıqlamayıb.
Ölkənin iki ziddiyyətli hökumətinin başçıları Əbdül Həmid əl-Dəbaibə və Usamə Hammad bazar ertəsi böhranla bağlı təcili iclas keçirib. Ölkədə daşqın qurbanları üçün üç günlük matəm elan edilib.
Xatırladaq ki, güclü yağışlar səbəbindən Derna şəhəri üzərindəki bəndlərin uçması daşqınlara səbəb olub. Mülki aviasiya naziri və şərqə nəzarət edən administrasiyanın fövqəladə hallar komitəsinin üzvü Hichem Abu Çkivat Reuters”ə bildirib ki, nəticədə şəhərin təxminən dörddə biri dağılıb.
Avropalı meteoroloqlar tərəfindən “Daniel” adlandırılan aktiv siklon əvvəllər Yunanıstanda tüğyan edib. Orada ən azı 15 nəfər ölüb.
//Samir Qurbanov, Editor.az

