“Lufthansa Group” konserni İran ətrafındakı münaqişə səbəbindən aviaşirkətlərinin Yaxın Şərqin bir neçə ölkəsinə uçuşlarının dayandırılma müddətini payıza qədər uzadıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, Əbu-Dabi (BƏƏ), Əmman (İordaniya), Beyrut (Livan), Maskat (Oman), Tehran (İran), Dammam (Səudiyyə Ərəbistanı), Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Ərbilə (İraq) uçuşlar oktyabrın 24-dək dayandırılıb.
Yalnız “Lufthansa”nın törəmə müəssisəsi olan “Eurowings” şirkəti Beyrut və Ərbilə uçuşları daha qısa müddətə – aprelin 30-dək dayandırmaq qərarına gəlib.
“Lufthansa Group”un Dubay (BƏƏ) və Təl-Əvivə (İsrail) uçuşları mayın 31-dək dayandırılıb.

