“Bu, Belarusda daxili narazılığı kəskin şəkildə gücləndirə bilər”
Xəbər verildiyi kimi, Ukrayna bir neçə gün əvvəl Belarus rəhbərliyinə xəbərdarlıq edib. Səbəb Ukrayna ilə sərhəddəki Qomel vilayətində Belarus hərbi qüvvələrinin toplaşmasıdır.
Ukrayna Xarici İşlər Nazirliyi Belarusu qoşunlarını sərhəddən çıxarmağa çağırıb. Eyni zamanda xəbərdarlıq edib ki, Ukrayna dövlət sərhədinin hər hansı formada pozulması Kiyevi beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi tədbirlər görməyə vadar edəcək.
Bundan əlavə, Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko avqustun 26-da bildirib ki, Ukrayna qoşunları Belarusla sərhədi gücləndirməyə başlayıb.
ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında bu mövzunu şərh edərkən, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya qarşı hər hansı ciddi addım atmasını mümkünsüz sayıb. Amerikalı ekspertlər hesab edirlər ki, Lukaşenko öz hakimiyyətinin itirilməsindən qorxduğu üçün Ukraynaya qarşı riskli addımlar ata bilməz.
Lakin Belarus başçısının məqəsədi Ukraynanın diqqətini yayındırmaq və onu öz qüvvələrinin bir hissəsini Belarusla sərhədə çəkməyə vadar etmək ola bilər: “Hazırda Belarus qoşunlarının Ukrayna sərhədi boyunca toplanması, çox güman ki, Ukrayna qüvvələrini daha geniş cəbhə xətti boyunca yayındırmaq və uzatmaq məqsədi daşıyır. ISW-nin hesablamalarına görə, Aleksandr Lukaşenkonun qarşısındakı maneələr səbəbindən Belarus qüvvələrinin Ukraynaya müdaxilə etmək ehtimalı azdır. Belarusun Ukraynaya təcavüzü və ya bu təcavüzdə hərbi iştirakı Lukaşenkonun öz rejimini müdafiə etmək qabiliyyətini zəiflədəcək. Bu qərar ölkə daxilində qətiyyən populyar olmayacaq. Bu, onun rejimini zəiflədə və Belarusda daxili narazılığı kəskin şəkildə gücləndirə bilər”.
Analitiklər əlavə edirlər ki, Belarusda prezident seçkiləri 2025-ci ilin fevralında keçirilməlidir. Lukaşenko çox güman ki, 2020-ci ilin sonunda olduğu kimi, seçkilərlə bağlı hər hansı etirazları yatırtmaq üçün ictimai əhval-ruhiyyə üzərində nəzarəti və orduya təsirini saxlamaq istəyir.
“AzPolitika.info”