Xəbər verdiyimiz kimi, Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin fevralın 27-sində verdiyi açıqlamalarda sabiq nazir Anar Kərimovun dövrünə aid xeyli qanun pozuntusu aşkara çıxıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A. Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb.
Maraqlıdır ki, Mədəniyyət Nazirliyininin bitmək bilməyən qalmaqallarının səbəbi nədir?
Mövzu ilə bağlı Editor.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı, yazıçı, jurnalist Aqil Abbas Adil Kərimlinin açıqlamalarının müəyyən faktlara əsaslandığını deyib:
” Əlbəttə Mədəniyyət Nazirliyinin 41 min işçisinin hamısı mədəniyyət sahəsinə aid olmaya bilər. Çünki orada texniki işçilər və digər sahələrdə fəaliyyət göstərən şəxslər də var. Ancaq mədəniyyət sahəsində işləyən adamların buna uyğun təhsili olmalıdır. Bu gün Mədəniyyət Nazirliyini sağdan da, soldan da “vururlar”. 2 ayın içində Nazirlik necə düzəlsin? Düşünürəm ki, onlara kömək etmək lazımdır. Mətbuat da kömək etməlidir ki, işini qura bilsinlər. Bu “vurmaqla, döyməklə” olmur. Onu da qeyd edim ki, bu kimi hallar təkcə sözügedən qurumda deyil, Təhsil Nazirliyində eləcə də digər sektorlarda da özünü göstərir. Kiminsə xahişi, göstərişi ilə insanları ixtisaslarına uyğun olmayan işlərə götürürlər. İndiki vaxtda kütləvi şəkildə ixtisar aparmaq da düzgün deyil. İnsanlar iş tapmaqda çətinlik çəkirlər”.
Millət vəkili Aqil Abbas eyni zamanda gündəmi zəbt edən fəxri adların verilməsinin ədalətsizliyinə və yenidən baxılması hallarına da münasibət bildirib:
“Verilən fəxri adları geri almaq olarmı? Əlbətdə olmaz. Daha diqqətli olmaq lazımdır. Süleyman Abdullayevə “Xalq artisti” fəxri adını verməyib, uşaq-muşağa verdilər. Fəxri ad verilməsi dövlətin müəyyən tədbirlərində iştirakı ilə nəzərdə tutulur. Ona görə gənclərin çoxu “Xalq artisti” fəxri adını ala bilib. Fəxri adların geri alınması mümkün deyil. Camaat əziyyət çəkir və qarşılığında bu adı qazanır. Faiq Ağayev, Aygün Kazımova və digəriləri çox əziyyət çəkib konsertlərdə iştirak edib, gənc olmalarına baxmayaraq “Xalq artisti” fəxri adını qazanıb. Halaldır onlara. Xalq onları sevib”.
//Safura Bənnayeva, Editor.az